"Ulu öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müasir Azərbaycan hazırda onun layiqli siyasi davamçısı İlham Əliyevin müdrik rəhbərliyi sayəsində müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayır. Danılmaz həqiqətdir ki, hərtərəfli, dinamik və dayanıqlı inkişaf yolunda sürətlə irəliləyən ölkəmiz beynəlxalq siyasi arenada nüfuzunu əhəmiyyətli dərəcədə artırıb".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bildirib.
Rektor deyib ki, məhz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan iqtisadi və siyasi güc mərkəzi kimi bölgədə söz sahibinə çevrilib: "Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü 44 günlük Vətən Müharibəsində xalqımıza tarixi Zəfəri qazandırdı və qalib dövlətin qalib vətəndaşları kimi hər birimizi sonsuz dərəcədə qürurlandırdı. Şanlı Qələbəmiz müstəqilliyin bərpasından başlayaraq 30 ilə yaxın hökm sürən, düşmən qüvvələrin mənfur niyyətlərinə xidmət edən, bölgədə inkişafı tormozlayan, dağıdıcı və pozucu fəaliyyətləri dəstəkləyən status-kvonu darmadağın etdi. Şəhidlərimizin qisası alındı, doğma torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin edildi və tarixi ədalət bərpa olundu".
Şahin Bayramov bildirib ki, qlobal liderlik və məharətli idarəçilik keyfiyyətləri ilə milli qürurumuzun xilaskarı olan və xalqımızın ən böyük arzularını gerçəkləşdirən Möhtərəm Prezident İlham Əliyev regionda dayanıqlı sülhə və tərəqqiyə əsaslanan yeni geosiyasi reallıqlar yaratdı: "Hazırda yeni reallıqlar şəraitində atılan mühüm addımlar dövlətimizin qüdrətini dönməz surətdə daha da artırır və gələcək potensial təhlükələrdən etibarlı şəkildə qoruyur. Bu gün hər birimiz qalib xalqın qalib lideri İlham Əliyevlə fəxr edir, onun doğum gününü yüksək bayram əhval-ruhiyyəsi, böyük ehtiram və sevinc hissləri ilə qeyd edirik. Möhtərəm Prezidentimizi Mingəçevir Dövlət Universitetinin kollektivi adından təbrik edir, ona möhkəm cansağlığı, ölkəmizin tərəqqisi və firavan gələcəyi naminə əzmkar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Doğum gününüz mübarək, Cənab Prezident! Sizinlə qürur duyuruq! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!"