Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dekabr 2022-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.
Tehsil.biz xəbər verir ki, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 463 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən 207 nəfər uğur əldə edib.
Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 29 dekabr saat 10:00-dan 2 yanvar saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
İmtahanlarda sertifikat əldə etmiş namizədlərin nəzərinə çatdırırıq ki, müvafiq sertifikatlar hazır olandan sonra onlara bu barədə məlumat veriləcək.