Kəlbəcər rayonunun 14 nömrəli məktəbində coğrafiya müəllimi vəzifəsində çalışan Kovxayeva Leyla ona ayrılmış analıq məzuniyyəti pulunu ala bilmir.
Tehsil.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
Qeyd edilib ki, buna səbəb aprel ayının hesabatı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim olunmadığından sənədlərin geri qaytarılmasıdır.
"Bu məsuliyyətsizliyin məsuliyyətini kim və ya kimlər daşıyır görəsən? Bütün Kəlbəcər məktəblərində işləyən və analıq məzuniyyətinə çıxan müəllimlər və texniki işçilər eyni aqibəti yaşayır. Biz daha neçə ay hesabatın verilməsini gözləməliyik? Şikayətimizi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə bildirmişik, Elm və Təhsil Nazirliyinə də elektron müraciət etmişik. Heç bir qurum qısa konkret məsələnin nə vaxt həllini tapacağını qeyd etmir", - deyə şikayətçi şəxs bildirib.
Məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə müraciət etdik. İdarədən "Tehsil.biz"ə bildirildi ki, şikayətçi şəxsin problemi qısa zamanda öz həllini tapacaq:
"Kovxayeva Leylanın 2022-ci ilin aprel ayı üzrə vergi hesabatı verilmədiyi üçün analıq məzuniyyətinin ödənilməsinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina verilmişdir. Qeyd edək ki, Kovxayeva Leylanın çalışdığı Kəlbəcər rayon 14 nömrəli tam orta məktəb 01.05.2022-ci ilədək keçmiş 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tabeliyində olmuş, hal-hazırda isə adıçəkilən məktəb Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir. Şərqi Zəngəzur Regional Təhsil İdarəsi həmin dövr üçün vergi hesabatını vermək səlahiyyətinə malik olmaq üçün müvafiq qurumlara müraciət etmişdir. Qısa müddət ərzində müvafiq dövr üçün vergi hesabatının verilməsi üçün tərəfimizdən lazımi tədbirlər görüləcək. Hesabat verildiyi andan Kovxayeva Leylaya ödənilməli olan sosial sığorta ödənişinin ödənilməsi üçün müvafiq sənədləşmələr Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən icra olunacaq".
Fəqan Əzimli