Gəncə Dövlət Universitetində (GDU) “Vəkil günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə şəhər 1 saylı Vəkillər Bürosunun sədri Camal Əliyev və vəkillər – Səadət Seyidli, Elnur Əliyev, Elsəvər Məmmədov və Asif Abdullayev iştirak ediblər.
Öncə şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva vəkilləri peşə bayramı münasibəti ilə universitet rəhbərliyi adından təbrik edib.
Prorektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il dekabr ayının 25-də imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncamdan ətraflı danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət və vəkillik arasında olan münasibətlər bir çox ölkələr üçün örnəkdir.
Tədbirdə çıxış edən vəkillər cəmiyyətdə insanlara hüquqi yardımın göstərilməsindən , hər bir şəxsin öz hüquqlarının qanunla qorunan mənafelərinin müdafiəsindən, bununla yanaşı vəkillik fəaliyyətinin əsas prinsiplərindən ətraflı söhbət açıblar. Qeyd edilib ki, Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Sonda tədbir iştirakçılarının sualları vəkillər tərəfindən ətraflı cavablandırılıb.