Xalqımız tarixin müxtəlif dövrlərində, xüsusilə son üç əsrdə işğalçılara və əsarətə qarşı mübarizə aparmış, milli azadlıq, müstəqillik uğrunda vuruşmuşdur. Biz daim haqq mübarizəmizdə həmrəylik nümayiş etdirərək yumruq kimi birləşmişik. Bu günki müstəqil Azərbaycanın beynəlxalq aləmdə və regionda qəbul edilən qüdrətinin arxasında bizim sarsılmaz birliyimiz və həmrəyliyimiz durur.
Bildiyiniz kimi 31 dekabr - "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" kimi qeyd olunur. Bu günün tarixçəsindən çox, onun xalqımız üçün taleyüklü mahiyyətinə toxunmaq istəyirəm. XX əsr Azərbaycan tarixində dərin izlər qoyan müsbət və mənfi hadisələr ilə zəngindir. Əsrin əvvəllərində biz Çar Rusiyasının əsarətindən xilas olaraq müsəlman şərqində ilk demokratik respublikanı qurmağı bacardıq. Ancaq çox keçmədən vətənimizin üzərini yenidən qara buludlar aldı. Cəmi 23 ay müstəqilliyin və azadlığın sevincini yaşaya bildik. Qarşıda bizi yenidən 70 illik əsarət, işgəncə və məhrumiyyətlər gözləyirdi. Bunlara baxmayaraq heç vaxt haqq mübarizəsindən dönmədik. Buna görə də repressiya dövründə minlərlə azərbaycanlı öz canından keçməli oldu. Ancaq onların fədakarlıqları boş yerə getmədi. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində o, ziyalıların ideyaları əsasında milli azadlıq hərəkatı alovlandı. Bunun nəticəsində biz müstəqilliyimizə qovuşduq. Həmin illər Azərbaycan üçün təlatümlü dövr idi. Müstəqilliyi, azadlığı əldə etmək nə qədər çətindirsə, onları qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək ondan da çətindir. O, zaman siyasi hakimiyyətə gələn insanların dövlət idarəçiliyində, xarici və daxili məsələlərdə yürütdükləri uğursuz siyasət nəticəsində böyük əzab-əziyyət qarşılığında əldə olunan ali dəyərləri itirmək təhlükəsi ilə üzləşməli olduq.
Dövlətçiliyimizin məhv olması, vətəndaş müharibəsinin baş verməsi təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı xilas yolunu ulu öndər Heydər Əliyevdə görürdü. Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə geri döndü. O, gündən Azərbaycanın işıqlı günləri başladı, parlaq gələcəyimizin əsası qoyuldu. Bizim zəifliyimizdən istifadə edən erməni vandalları Qarabağı işğal etdilər. Ancaq biz düşmən qarşısında heç vaxt sınmadıq. Ulu Öndər Heydər Əliyevin, ondan sonra cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan ordusu gücləndi, beynəlxalq nüfuzumuz xeyli yüksəldi. Nəticədə 2020-ci ildə 44 günlük vətən müharibəsində müzəffər ali baş komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu XXI əsrin müharibəsini apararaq torpaqlarımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüz birliyimizin və həmrəyliyimizin nəticəsində təmin edildi. 44 gün ərzində Azərbaycan xalqı güclü yumuruğa çevrildi və bir nöqtəyə vurdu. O, yumruq ki, onun qarşısını heç bir qüvvə ala bilməzdi.
Biz nə qədər bir olsaq, həmrəy olsaq dahada qüdrətlənəcəyik. Müasir dünyada zəif olanlara yer yoxdur. Əlimizdə olanların dəyərini dərk etməliyik. Tək özümüz üçün yox, həm də gələcək nəsillər üçün. Hər an gücümüzə güc qatmalıyıq. Daha qüdrətli Azərbaycan üçün daim irəli!
Həmrəylik gününüz mübarək olsun!
Anar Salehoğlu
İctimai-siyasi fəal