Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasından 6 il ötür.
Tehsil.biz xəbər verir ki, Milli Qəhrəman Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinə qəbul olunub. 2016-cı ildə universiteti bitirən Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib.
Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Fevralın 6-da Bakıda vida mərasimi keçirildikdən sonra şəhid Çingiz Qurbanov doğulduğu Qusar rayonunda dəfn edilib. Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.
Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Çingiz Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.
Allah rəhmət eləsin!