Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan respublika, Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Nazir müavini təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayıb.
Çıxışının sonunda idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edən Firudin Qurbanov bu uğurların davamlı olacağına əminliyini bildirib.
İdmançılar adından çıxış edən Sumqayıt şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi və Avropa birinciliyinin gümüş medalçısı Xuraman Cavadzadə onlar üçün yaradılan şəraitə görə minnətdarlıq bildirib.
Görüşdə qalib idmançılara Elm və Təhsil Nazirliyi adından hədiyyələr təqdim edilib.
Sonda xatirə fotosu çəkilib.