Logo

İlin ən önəmli hadisəsi: “Mədəniyyətimizin yenidən nazirsiz qalması”

29.12.2022 17:08 450 baxış
IMG

"Düzdür, il ərzində mühüm hadisələr baş versə də, elə də ciddi tərpəniş, sıçrayış müşahidə etmədik. İlin ən önəmli hadisəsi, fikrimcə, “mədəniyyətimizin yenidən nazirsiz qalması” oldu.

Tehsil.biz xəbər verir ki, bunu “525-ci qəzet”in müxbiri, mədəniyyət yazarı Şahanə Müşfiq deyib.

O qeyd edib ki, sabiq nazir Anar Kərimov qısa zaman kəsiyində bu vəzifəni icra etsə də, il tamam olmamış, bu günlərdə cənab Prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu.

Şəhanə Müşfiq

"Ümid edirik ki, növbəti təyinat uğurlu olacaq, mədəniyyətimizin, incəsənətimizin təəssübünü çəkə biləcək", - Ş.Müşfiq bildirib.

Yazar ilin hadisəsi kimi özəl teatr olan “M Teatr”-ın nəhayət özünə məkan tapmasının olduğunu qeyd edib:

"Çünki bu, çox vacib faktordur. Düzdür, bu, dövlət tərəfindən edilmədi, “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlunun nəcib addımı ilə “M Teatr” həmin binada məkanla təmin olundu. Sevindirici haldır ki, teatr özünə məkan tapar tapmaz Xalq artisti Vidadi Həsənovun rəhbərliyilə çox sürətlə sənət aləminə atıldı, bir-birinin ardınca çox gözəl, keyfiyyətli, uğurlu tamaşalar qoydu".

Şəhanə Müşfiq bildirib ki, Şuşada keçirilən Vaqif Poeziya Günləri, Xarıbülbül festivalı və sair kimi tədbirlər də ilin hadisəsi sayıla bilər:

"Səviyyəsindən, keyfiyyətindən asılı olmayaraq, Şuşamızda, Qarabağımızda baş tutan hər mədəni tədbir hadisə səviyyəsindədir, mənə görə. Çünki biz 30 ildir bunun həsrətini çəkmişdik. Ancaq sözsüz, Vaqif Poeziya Günlərində Əməkdar artist Nicat Kazımovun quruluşunda “Əsrlərin divanı” tamaşa-kompozisiyası xüsusi vurğulanmalıdır. Belə bir möhtəşəm işdən təkcə il dəyərləndirməsində deyil, hər zaman danışmaq lazımdır.

Həmçinin, il ərzində müxtəlif teatrlarımızda uğurlu premyeralar oldu, teatr festivalları, kitab festivalları, musiqi festivalları keçirildi".

Ş.Müşfiqin fikrincə, ilə son damğanı isə artıq bir neçə ildir, olduğu kimi rejissor Mehriban Ələkbərzadə vurub:

"Onun Gənc Tamaşaçılar Teatrının səhnəsində qoyduğu “Kod adı V.X.A” tamaşası günlərlə danışıldı. Repressiya qurbanı xanımlarımıza həsr olunmuş tamaşa Azərbaycan səhnəsində ilk dəfə 70 nəfərdən çox aktyor heyətini birləşdirən səhnə əsəri kimi mədəniyyət tariximizə düşdü. Sonda bütün mədəniyyət aləmini, incəsənət nümayəndələrimizi qarşıdan gələn yeni il münasibətiylə təbrik edir, mədəniyyətimizə daha uğurlu, daha məhsuldar illər arzu edirəm!”.

Xəbər lenti