Logo

Milli həmrəylikdən doğan gücün təntənəsi

30.12.2022 09:47 353 baxış
IMG

Həmrəylik birlik, birlik güc, güc isə qalibiyyət, qələbə, zəfər deməkdir.

Ulu babalarımız deyərdilər ki, “Güc birlikdədir”, “El bir olsa zərbi kərən sındırar”. Uzun illər, əsrlər boyu xalqımız milli dəyərlərindən məhrum edilmiş, müxtəlif vasitələrlə milli kimliyimizi unutdurmağa çalışmışlar. Elə vəziyyət yaranmışdır ki, eyni xalqın nümayəndələri, hətta bir ailənin üzvləri belə bir-biri ilə yabançı dildə danışmalı olmuşdular. Milli mentalitetimiz unudulmuş, adət-ənənələrimiz qadağan edilmişdir. Bunun səbəbi nəhəng bir imperiyanın tərkibində olmağımızla bağlı idi. Çünki imperiyaların idarəetməsi “parçala-hökm et” prinsipinə əsaslanırdı, xalqları öz soykökündən, milli kimliyindən ayırdıqda idarə etmək asan olurdu. Nəhayət, “xalqlar həbsxanası” olan sovetlər imperiyasının tənəzzülü ilə xalqımız öz milli kimliyinə dönməyə, vahid ideologiya ətrafında birləşməyə başladı.

Bu birləşmə bizi meydan hərəkatlarına, milli dirçəlişə və azərbaycançılıq ideologiyası ətrafında həmrəyliyə gətirib çıxardı. Həmrəylikdən doğan güc isə azadlığımızın və müstəqilliyimizin əldə edilməsi ilə nəticələndi. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli dirçəliş hərəkatının geniş vüsət almasına gətirib çıxartdı və nəhayət 1989-cu ilin şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsizliyinə-bədnam Türkmənçay müqaviləsinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayı sahilinə toplaşdılar. Həmin şaxtalı qış günündə həmrəylik və birlik nümayiş etdirən xalqımız doğma Azərbaycanımızı ikiyə bölən, qardaşı qardaşdan ayrı salan tikanlı məftilləri söküb atdılar.

Beləliklə, 31 dekabr xalqımızın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Bu tarixi günün rəsmi şəkildə əbədiləşdirilməsi isə xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bu qərardan təxminən on gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-in Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. O vaxtdan başlayaraq biz hər il dekabr ayının son gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edirik. Bu gün bizim üçün adi bir bayram deyil. Bu günün qeyd olunması müxtəlif səbəblərdən dünyanın müxtəlif ölkələrində yaşamağa məcbur olan soydaşlarımızın öz tarixi Vətənləri ilə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.

Azərbaycançılıq ideologiyasına söykənən həmrəylik bayramı müstəqil Azərbaycanımızın çiçəklənməsinə və dünya azərbaycanlılarının milli kimliyini dərk etməsinə təkan verən güclü bir amilə çevrilmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız ana Vətənimizin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu hesab edir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultayda dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında dəyərli fikirlər söyləyən Ulu Öndərin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" – müdrik kəlamı bu gün hər bir soydaşımız üçün milli qürur simvoluna çevrilmişdir.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Bakıda 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II qurultayının, 2011-ci il iyulun 5-6-da III qurultayının, 2016-cı il iyunun 4-5-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə böyük töhfə verməklə bərabər dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından da mühüm tarixi əhəmiyyətə malikdir. Bu qurultaylar həm də dünya azərbaycanlılarının Prezident İlham Əliyevin ətrafında , eyni zamanda Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini nümayiş etdirmiş oldu. Azərbaycanlıların birləşdirilməsi yönündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qüvvəyə çevrilmişdir. Milli həmrəyliyimizdən və birliyimizdən doğan gücün təntənəsi 44 günlük Vətən müharibəsində özünü daha parlaq şəkildə nümayiş etdirmiş oldu. “Dəmir yumruq” həmrəyliyi nümayış etdirən xalqımız prezidentimizin və dövlətimizin ətrafında sıx birləşərək düşməni ağır məğlubiyyətə uğratdı və ərazi bütövlüyümüzü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın qan yaddaşında əbədi yaşayacaq şanlı Zəfərimiz xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və Müzəffər Ali Baş Komandanımızın gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi.

Vətən müharibəsi dövründə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Onların düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Şanlı Qələbəmizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi altında milli həmrəyliyimizin ən mükəmməl nümunəsini yaratmış oldu. Milli birliyimizin daim yaşaması və möhkəmlənməsi arzusu ilə Milli Həmrəylik Gününüz mübarək!..

Səkinə Baxışzadə
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Xəbər lenti