“Təhlükəsiz məktəb, arxayın valideyn” devizi altında fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədi ilə dövlət ümumi təhsil müəssisələrində tədris prosesinin sağlam, təhlükəsiz və əlverişli psixoloji mühitdə təşkil edilməsinə, təhsilalanların hüquqazidd hərəkətlərdən qorunmasına, valideynlərdə övladlarının təhsil şəraiti barədə məlumatlığının və məmnunluğunun artırılmasına, tədris prosesinin bütün iştirakçıları tərəfindən dövlət təhsil standartlarının tələblərinə əməl olunmasına dəstək məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə həyata keçirilir.
“Məktəblinin dostu” layihəsinə əməkdaşların seçilməsi ilkin mərhələdə 21-30 yaş arası ali təhsilli gənclərin məntiqi, ümumi dünyagörüşü və psixoloji bilikləri açıq və qapalı test üsulu ilə yoxlanılır və sonrakı mərhələdə müəyyən edilmiş keçid balını toplayan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Layihədə əməkdaşlar arasında pedaqoji təhsilə malik şəxslərin çəkisini qorumaq üçün Elm və Təhsil Nazirliyinin mərkəzləşdirilmiş formada keçirtdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə müəyyən edilmiş yüksək bal toplayan şəxslər isə birbaşa müsahibə mərhələsinə keçirlər. Müsahibəyə keçid balları namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla balanslaşmış formada müәyyәn edilir. Müsahibələr Elm və Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və layihənin əməkdaşlarından ictimai əsaslarla təşkil edilən komissiyalar tərəfindən ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə "ASAN xidmət" mərkəzlərində keçirilir. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan gənclərə üstünlük verilir. Müsahibədən uğurla keçən namizədlər Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Elm və Təhsil Nazirliyinin əməkdaşları, layihənin psixoloqları və əlaqələndiriciləri tərəfindən təlimlərə cəlb olunurlar. İki ay müddətində davam edən təlimlər həkimlər, psixoloqlar, pedaqoqlar və digər mütəxəsislər tərəfindən həyata keçirilir. Təlimlərin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər, məktəblərdə təcrübələrə cəlb edilərək “Məktəblinin dostu” layihəsinə mövcud vakansiyaya uyğun əməkdaş və ya ehtiyat kadr kimi cəlb edilirlər. "ASAN xidmət" mərkəzlərində təşkil olunan könüllülük fəaliyyətində iştirak edib məzun olmuş və MİQ müsabiqəsindən müəyyən edilmiş keçid balını toplayan şəxslər istisna olmaqla digər şəxslərə "ASAN xidmət" mərkəzlərində iki ay müddətində könüllü kimi işləyəndən sonra xüsusi sertifikatlar verilir. Hazırda məktəblərdə fəaliyyət göstərən layihə əməkdaşlarının yarısından çoxu pedaqoji ali təhsilli kadrlardan ibarətdir.
“Məktəblinin dostu” layihəsinin fəaliyyəti çərçivəsində xidmət göstərən əməkdaşlar sifarişçi qismində çıxış edən Elm və Təhsil Nazirliyi ilə bu layihəni həyata keçirəcək icraçı qismində çıxış edən fiziki şəxslər arasında bağlanmış xidməti mülki-hüquqi müqavilə ilə fəaliyyət göstərirlər və onlarla bağlanılan müddətli müqavilələrdən irəli gələn məsələlər mülki qanunvericiliklə tənzimlənir. “Məktəblinin dostu” layihəsinin fəaliyyəti çərçivəsində tərəflər arasında bağlanmış xidməti müqaviləyə əsasən layihəyə cəlb edilən, stabil və ya mobil qruplar şəklində təhsil müəssisələrində fəaliyyət göstərən əməkdaşlar, layihənin tələblərinə uyğun olaraq müəllim və şagirdlər üçün daha təhlükəsiz mühitin yaradılmasını, ilk tibbi və psixoloji yardımın göstərilməsini, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisəsinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə işinin aparılmasını, tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsini, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının artırılmasını, şagirdlərə peşə seçimi və karyera planlaşdırılmasında məsləhət verilməsi işlərini öz üzərinə götürür və hər ay həyata keçirtdiyi xidmətlərin icrası və nəticələri barədə özlərinin və təhsil müəsisisəsinin rəhbərinin imzaladığı aktı layihə rəhbərinə təhvil verirlər.
Hazırda layihə daxilində 400 əməkdaş ümumilikdə, 226 məktəbdə təhsil alan 400 minə yaxın şagirdə stabil və ya mobil qruplar şəklində xidmət göstərir. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Məktəblinin dostu” layihəsi dövlət büdcəsindən maliyyələşmir. Layihə ölkəmizdə fəaliyyət göstərən bir sıra fondlar, banklar və holdinqlərin donorluğu hesabına maliyyələşdirilir. Məktəbə hamıdan əvvəl gəlib, fasilə olmadan hamıdan sonra işini yekunlaşdırıb məktəbdən ayrılan əməkdaşlar stajdan asılı olaraq 500-600 manat əmək haqqı ala bilirlər və bu rəqəm də ölkədəki orta aylıq əmək haqqına təqribən bərabərdir.
“Məktəblinin dostları” layihəsinin əməkdaşları onlarla bağlanmış xidməti müqavilədə qeyd edildiyi kimi layihənin tələblərinə uyğun olaraq təkcə şagirdlər üçün deyil, həm də müəllimlər üçün daha təhlükəsiz mühitinin yaradılmasına dəstək olmaq üçün məktəbdəki fəaliyyətlərini qururlar. Onlar fəaliyyətləri zamanı məktəbdə təhsilverənlər, təhsilalanlar, texniki işçilər, valideynlər və kənar şəxslər tərəfindən baş verən bütün hüquqazidd əməlləri, onu törədənlərin kimliyindən asılı olmayaraq məktəb rəhbərliyinə məlumat verməklə “soft”a daxil edir və bu elektron bazanın köməyi ilə təhsil idarəetmə orqanları baş vermiş hadisə barədə informasiya əldə edirlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan silahlı mübarizədə, o cümlədən Aprel döyüşlərində və Vətən müharibəsində “Məktəblinin Dostu” layihəsinin bir çox əməkdaşı da ölkənin bir çox gəncləri kimi könüllü sürətdə ordu sıralarına yazılıb. Vətən müharibəsində “Məktəblinin Dostu” layihəsinin könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət etmiş əməkdaşlarından 9 nəfəri ön cəbhəyə göndərilib.
“Məktəblinin Dostu” layihəsinin bəzi əməkdaşları Aprel döyüşlərində də iştirak etmiş və yaralanmışdır. Layihə rəhbərliyində və məktəblərdə fəaliyyət göstərən kişi əməkdaşlarımızdan hər 10 nəfərindən biri Vətən Müharibəsi iştirakçısı kimi Azərbaycan Respublikasının medalları ilə təltif edilib.
Aydın Mirzəyev
"Məktəblinin dostu" layihəsinin sabiq əməkdaşı