Mil-Muğan Regional Təhsil İdarəsinin hesabat konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, RTİ-nin əməkdaşları, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayon təhsil sektorunun rəhbərliyi, məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat məruzəsi ilə çıxış edən Rəşad Musayev Mil-Muğan Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı dövürdən bəri təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini bildirib. O, təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilməsindən və bu istiqamətdə görülən işlərdən danışıb. İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlərdən danışan Rəşad Musayev beynəlxalq olimpiadada, fənn olimpiadalarında və müxtəlif bilik yarışlarında, müsabiqələrdə məktəblilərin qazandıqları uğurlardan danışıb. Potensial imkanları ilə fərqlənən istedadlı uşaqlarla aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasından, qarşıya qoyulmuş hədəfə çatmaq üçün tədbirlərin sistemli həyata keçirilməsindən, qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Rəşad Musayev çıxışının sonunda təhsil işçilərini 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayıb.
Tədbirdə çıxış edənlər təhsil müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyətindən danışıblar, müəllimlərin və şagirdlərin qazandıqları uğurlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı müəllimlərə təqdim olunub. Uğur qazanmış təhsil işçiləri, müəllimlər və şagirdlər Mil-Muğan RTİ-nin fəxri fərmanı və diplomları ilə təltif olunublar.