Logo

Yeni dilimiz mübarək...

30.12.2022 23:39 443 baxış
IMG

Tanrının yoxdan yaratdığı bu dünyanın öz dili var. O dil ki, onu cahil anlamaz, qanmaz duymaz. 

Dünyanın dili Tanrı dili adlanır. Tanrının dili küləyin vızıltısında, dənizin ləpələrində, çayın şırıltısında, bülbülün cəh-cəhində, ağacdan tökülən yarpağın, göydən yağan qarın ayaqlar altında qalan xışıltısında – xırçıltısında təzahür edər. Ən yüksək məqamını isə ali canlı olan insanın dilinin altındakı xoş sözlərdə tapar.

Bu dili anlamaq, bu dünyanı duymaq üçün fani cahana qalmayıb, əmmarə nəfsə uymayan Nəsimi olmağa, heyvanların dilini bilən, təbiət hadisələrinə hakim olan Süleyman peyğəmbər də olmağa gərək yoxdur.

Sadəcə Tanrını dərk etmək, dünyanı hiss etmək lazım. Bir də Tanrının dilinin biz bəndəsində var olduğunu duymaq gərək... Axı bu dillə yeganə söz yaradan varlıq insandır. O insan ki, dili ilə sözü, sözü ilə özünü, özü ilə dünyanı dəyişməyə qadirdir. 

Dünya sözünün ikinci hecasındakı "ya" rus dilindən tərcümədə "mən" deməkdir. Bu dünya həqiqətən də "mən"li, "sən"li və bizim kimi 7 milyarddan çox insanın varlığı ilə əbədidir, əzəlidir... Bu dünya bizlərin dilindən çıxan xoş sözlərlə böyüyür, yaşayır. 

Ancaq çox təəssüf ki, dili ilə dünyanın əlvan rənglərini qaraya boyayanlar da az deyil. 

Bir heyvan dili ilə sahibini yalayaraq öz sevgisini bildirdiyi halda, nə acılar ki, həyatı şeytanın feli kimi, varlığı fələyin əli kimi, sözü ilanın zəhəri kimi olanlar da var. 

Onlar nədən anlamırlar ki, çətin məqamda bütün arzularını, istəklərini, dualarını, yalvarışlarını dili ilə elə bu dünyaya çatdırırlar? Nə üçün düşünmürlər ki, axı bizlərin var olduğu yer dünyanın özüdür! Bəs nə üçün bu dünyanı dilimiz altındakı zəhərli sözlərlə məhv edirik?! 

Qarşıda bizi yeni təqvim ili gözləyir. Arzu edirəm ki, ilimizlə bərabər dilimiz də dəyişsin.

Dilimizin ruhunu yalanla, böhtanla, təhqirlə kirlətməyək. Çünki bu ruh kirlənsə təbiətin də, insanın da elə dünyanın da ruhu kirlənər. Ona görə dilimizi xoş sözlərlə təmiz saxlayaq.

Əski türkcədə "iə" şəklində tələffüz olunan yiyə sözü vardır. Ümid edirəm ki, qarşıdakı yeni ildə öz dilimizə, ağızdan çıxan sözümüzə yiyə durmağı bacaracayıq.

Bir daha yeni dilimiz mübarək olsun. Böhtandan uzaq, təhqirdən kənar bir dil yaşadaq daxilimizdə. İlimiz kimi dilimiz də yenilənsin...

Əsgər İsmayılov

Xəbər lenti