"Allah kompüteri kəşf edənın, internet şəbəkəsini yaradanların atasına rəhmət eləsin. Saatlarla kompüter qarşısında günümüzü keçirərək hansı ölkədə nə baş verdiyindən, hətta kimin belə nə dediyindən və etdiyindən dərhal xəbər tuturuq, dünyada gedən proseslərə anındaca münasibət bildiririk, əməllərimizdə onu bu və ya digər şəkildə təqlid edirik".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.
Ekspert deyib ki, son zamanlar təhsilimiz xarici texnologiya və innovasiyalardan o qədər təcrübə idxal edib ki, hətta təhsilin hansı formasını seçəcəyimizlə bağlı çaşıb qalmışıq:
"Fərdi təhsil, fasiləsiz təhsil, formal təhsil, açıq tipli təhsil, əlavə təhsil, elitar təhsil, distant təhsil, informal təhsil, öz-özünə təhsil, sərbəst təhsil, valeoqolik təhsil... Bunlar hələ hamısı deyil. Digər tərəfdən müəllimlərə köməkçi verilməsi, məktəb direktorlarının idarəetmə prosesində menecer xidmətinə ehtiyaclarının olması, metodistlərin mentorlarla əvəzlənməsi, şagirdlərə ev tapşırığının qadağan edilməsi və ya kompüter vasitəsilə icra olunması, əllə yazının ləğv edilməsi və digər bu kimi təklif və təşəbbüslərin nə intervalı nə də ki, limiti var. Gətirdiyimiz yeganə arqument də ondan ibarətdir ki, dünyanın filan ölkəsində belə bir şey var".
Ekspert bildirib ki, mentor müəllimə ən müasir məslələrdə metodik dəstək ola bilən təhsil işçisidir:
"Gəlin, hələ bir baxaq görək, bu mentorluq deyilən şey nədir, kimlər mentor ola bilər? Sən demə, yunan mifiologiyasından götürülmüş, 17-ci əsrin sonlarından bir termin kimi işlədilən bu ifadə daha təcrübəli və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir adama bələdçilik etməsi üçün yradılmış şəxsi inkişaf əlaqəsidir və dünyanın bir çox ölkələrində belə qənaətə gəlinib ki, əgər yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var. Kəsəsi, mentor müəllimə ən müasir məslələrdə metodik dəstək ola bilən təhsil işçisidir. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar".
N.İsrafilovun sözlərinə görə, mentorluq ideyası sanki “özümüzə umac ova bilmirik, başqasına əriştə kəsirik” el məsəlini xatırladır:
"Guya müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edəcək. Halbuki müəllimlərin tədris prosesində təlimdən əldə etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə qarşılaşmasını qarşılamaq üçün ölkəmizdə uzun illərdən bəri metodist institutu formalaşdırılıb və bu metodistlərin Respublikamızda sayılıb-seçilən müəllim ordusunun yetışməsində əvəzsiz xidmətləri də danılmazdır".
Mərcanə Əsədova