Fevralın 19-da Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələr başa çatıb. Müsahibə mərhələsi təqaüd proqramına müraciət edən 900-dən çox ərizəçi sırasından seçilmiş 609 nəfər üçün təşkil olunub.
Müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının (Dövlət Neft Fondu, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Energetika nazirliklərinin) nümayəndələri, ADA, ADU, ADNSU, ATU, BANM, UNEC kimi ali təhsil müəssisələrinin həmin sahələr üzrə ekspertləri, eyni zamanda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" məzunları tərəfindən aparılıb.
Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
Müsahibələrdə iştirak etmiş şəxslərin namizədliklərinin təqdim edilməsi ilə bağlı nəticələr cari ilin mart ayının ilk həftəsi elektron ərizə sistemi üzrə hesablar vasitəsilə bildiriləcək.