Logo

"Hər bir xalqın həmrəyliyi onun birliyini, birliyi isə gücünü simvolizə edir"

05.01.2023 10:58 470 baxış
IMG

Hər bir xalqın həmrəyliyi onun birliyini, birliyi isə gücünü simvolizə edir. Bədnam Türkmənçay müqaviləsindən sonra uzun illər bir-birinə həsrət qalan Azərbaycan xalqının ürəyində həmrəylik, birlik istəyi daim yaşayıb.

Sovet rejimi bu istəyi buxovlasa da xalqın qəlbindən birdəfəlik silib ata bilməmişdir. Bu bədnam rejimin tənəzzülü ilə eyni vaxtda xalqımızın qəlbində yaşayan həmrəylik qığılcımları yenidən alovlanmağa başladı. 1989-cu ilin şaxtalı qış günündə minlərlə soydaşımız Arazın hər iki sahili boyu yürüşə çıxdı və bu yürüş Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin yıxılması ilə nəticələndi.

Həftələrlə Araz qırağında səsləndirilən birləşmək şüarları azərbaycanlıların bir millət olduğunu dünya miqyasında  bir daha canlandırmış oldu. Bu eyni zamanda Azərbaycanın bütövləşməsi istiqamətində atılmış bir addım idi və həmrəylik günü bu birləşmə istəyinin simvolik nişanına çevrilmiş oldu. Qədim və zəngin tarixə malik olan xalqımızın dirçəlişini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Ümummilli Liderimiz Heydər Əliyev həmrəylik günü ilə əlaqədar demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Bəli, məhz Heydər Əliyevin sadrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixdə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 25-də 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etmişdir. O vaxtdan başlayaraq bütün azərbaycanlılar həmin günü bayram kimi qeyd edirlər. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə nail olmuşdur. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” cümləsi bu gün hər bir soydaşımızın dilində əzbərdir. Həmrəylik bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlının bir-biri ilə əlaqə yaratması istiqamətində mühüm rol oynayır. Həmrəylik günü milli birliyimizi, Azərbaycana məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamaqla Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğ edilməsində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı dünyada yaşayan azərbaycanlıların təşkilatlanması baxımından mühüm addım hesab edilə bilər. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərmiş oldu. Bundan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi  (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. 2002-ci il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmiş oldu.

Öz tarixi torpaqları olan Azərbaycan ərazisində minilliklər boyu yaşayan və dünya sivilizasiyasına böyük töhfələr verən azərbaycanlılar müharibələr, inqilablar, hərbi münaqişələr və dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış və dünyanın müxtəlif yerlərində yaşamalı olmuşlar. Hal-hazırda xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. 2006-cı il 8 fevral tarixli Prezident Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım sayıla bilər. 2007-ci il martın 9-da Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunun keçirilməsi türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilməklə yanaşı Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi  də yadda qalmışdır.

Diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı da təsis edilmişdir. Bütün bu tədbirlər soydaşlarımız  arasında əlaqələrin genişlənməsinə və birliyin möhkəmlənməsinə xidmət etmişdir. 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyi və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi monolit birliyimizin əyani təzahürü oldu. Müharibə dövründə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar daha sıx birləşərək yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün fədakarlıq göstərdilər. Prezident İlham Əliyev bununla bağlı təbrik nitqində demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”. 

Doğrudan da II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı və hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrik nitqində söylədiyi kimi Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. 

Qoy bu birliyimiz və həmrəyliyimiz əbədi və sarsılmaz olsun! 

Şanlı bayrağımız daim zirvələrdə dalğalansın!
Qalib Azərbaycan xalqına və onun Müzəffər Sərkərdəsinə eşq olsun!

Şikar Baxışov
Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllimi, YAP üzvü

Xəbər lenti