Logo

Heydər Əliyev və Azərbaycan kimya sənayesi

06.01.2023 11:06 335 baxış
IMG

Azərbaycanın son yarım əsrlik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Yüksək erudisiyaya, dərin zəkaya, müdrik uzaqgörənliyə və zəngin təcrübəyə malik olan Heydər Əliyev dühası bütövlükdə Azərbaycan iqtisadiyyatının, o cümlədən yüzlərlə məhsul istehsal edən kimya sənayesinin inkişafında olduqca böyül rol oynamışdır.

Ulu Öndər hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən neft-kimya sənayesinin, inkişafına xüsusi diqqət ayırmış, məhz həmin illərdə Sumqayıtda kimya sənayesinin inkişafı, yeni kimya müəssisələrinin yaradılması, mövcud istehsalatların müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənmişdi. Həmin dövrdə sintetik kauçuk zavodunda yüksək təzyiqli polietilen, butil-kauçuk, butil-stirol lateksi qurğuları işə salınmışdı. Məhz yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması Bakı şin zavodunun yerli xammal ilə təchiz olunmasına imkan vermişdi.

Əhalinin məişət tələblərini ödəmək üçün tikilən Sumqayıt yuyucu vasitələr zavodu (sonralar Məişət kimyası zavodu) sonrakı illərdə müasir texnologiyalar əsasında yeni sexin işə düşməsi hesabına istehsal gücünü 4 dəfə artırmışdı.

Sumqayıt superfosfat zavodunda aparılan yeniləşmələr, xaricdən gətirilən avadanlıqlar hesabına 1975-ci ildə yeni sexin istismara verilməsi sulfat turşusunun istehsal gücünü ildə 450.000 tona çatdırmağa imkan vermişdi. 1980-83-cü illərdə ölkənin kənd təsərrüfatının tələbatı nəzərə alınaraq burada dənəvər superfosfat gübrəsi istehsal edən yeni qurğu da işə salındı.

Ulu Öndər Azərbaycanın kimya və neft-kimya strukturlarının təkmilləşdirilməsi, köhnəlmiş istehsalat sahələrinin əvəzində müasir və tullantısız texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması üçün həlledici qərarların qəbulunu ittifaq rəhbərliyindən tələb edir və çox vaxt buna nail olurdu. Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində Sumqayıt kimya sahələrində sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması bir çox məhsulların, o cümlədən kauçukun, sintetik qətranın, mineral gübrələrin, plastik kütlələrin, məişət kimyası mallarının istehsalını 2 dəfədən çox artırmağa şərait yaratmışdı.

Ötən əsrin 90-ci illərində baş verən siyasi və ictimai proseslər, SSRİ-nin dağılması, ittifaq respublikalarının müstəqillik qazanması, iqtisadi əlaqələrin pozulması, mövcud texnologiyaların fiziki və mənəvi köhnəlməsi, üstəlik də Qarabağla əlaqədar baş verən hadisələr, iqtisadi durğunluq və digər amillər kimya sənayesinin tədricən tənəzzülə uğramasına gətirib çıxarmışdı.

Belə bir şəraitdə xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev 1993-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin çox ağır böhrandan çıxması üçün siyasi və iqtisadi problemlərin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə start verildi.

Yeni tarixi reallıqlar ölkədaxili xammal əsasında gərəkli, az enerji tutumlu, rəqabətə davamlı, ətraf mühit üçün təhlükəsiz olan məhsulların istehsalı üçün yeni müəssisələrin və istehsalatların yaradılmasını ön plana çəkirdi. Digər tərəfdən, SSRİ dövründən miras qalmış bir çox problemlər, o cümlədən müdafiə məqsədli strateji məhsulların Azərbaycanda istehsalının qəsdən planlaşdırmadan kənar qalması, bunun nəticəsində azot turşusunun, aşağı təzyiqli polietilenin, polipropilenin, polistirolun, poliamid və digər məhsulların respublikada istehsalının olmaması, ciddi çətinliklər yaradırdı. Ona görə də kimya sənayesinin inkişafında əsas istiqamətlər olan qabaqcıl texnologiyaların tətbiqi, kimya məhsullarının yeni emal müəssisələrinin açılması, ölkədə ehtiyac çox olan malların yerli xammal hesabına istehsalının təşkil edilməsi və digər problemlər öz həllini gözləyirdilər.

Belə bir şəraitdə Heydər Əliyevin dahiyanə təşəbbüsü, yüksək nüfuzu və əzmkarlığı sayəsində dünyanın bir çox iri neft şirkətləri ilə 1994-cü ilin sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” adlanan neft konktraktı Azərbaycanın siyasi və iqtisadi müstəqilliyində nə qədər mühüm əhəmiyyət kəbs etməsi inkar edilməz faktdır. Məhz Heydər Əliyevin polad iradəsi sayəsində bağlanmış bu müqavilə respublikanın kimya və neft-kimya sənayelərinin, bütövlükdə xalq təsərrüfatının canlanmasında və inkişafında müstəsna rol oynadı.

Kimya və neft-kimya sənayesinin xammal və enerji böhranı ilə üzləşdiyi bir dövrdə bu mühüm sahənin yeniliklər və köklü dəyişikliklərə, xüsusən də etibarlı enerji təminatına ehtiyacını nəzərə alaraq Ulu Öndər 1998-ci ildə Yaponiyaya səfəri zamanı dəyəri 95 mln dollar olan Buxar-generator kompleksinin alınmasına nail oldu. 1999-cu ildə təməli qoyulan bu nəhəng kompleks 2001-ci ildə Ulu Öndərin xeyir duası ilə işə salınmışdı. Yüksək texniki-iqtisadi göstəricilərlə fəaliyyət göstərən bu qurğu respublikada kimya müəssisələrini istilik və qismən də eletkrik enerjisi ilə təchiz etməklə onların fasiləsiz işini təmin etmiş, bu isə bir çox məhsulların maya dəyərini aşağı salmağa imkan vermişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi kimya sənayesinin də inkişafı istiqamətində, bu sahənin daha böyük texniki tərəqqisinə nail olmaq üçün, Ulu Öndərin iqtisadi siyasətini uğurla davam etdirir. Bunu nəticəsidir ki, hazırda müxtəlif markalı və yüksək keyfiyyətli kimyəvi məhsullar - propilen, polietilen, piroliz qəttranı, propilen oksid, izopropil spirti, propilen qlikol, poliefirlər, kaustik soda, xlor, sulfat turşusu və s. istehsal olunur.

2010-cu ildə cənab İlham Əliyevin Sərəncamı ilə tərkibində Etilen - Propilen zavodu, Səthi aktiv maddələr zavodu, Üzvi sintez zavodu və digər müəssisələr olan “Azərkimya” İstehsalat  Birliyinin AR Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi, 2011-ci ildə yaradılmasına  başlanan Sumqayıt Kimya Sənaye Parkı kimya və neft - kimya sahəsində iri layihələrin həyata keçirilməsində, istehsal edilən məhsulların dərin kimyəvi emala cəlb edilməsilə əlavə dəyər yaratmaq istiqamətində önəmli addımlar oldu.

Məhsulu yalnız bir adda olan Metanol zavodu 2013-cü ildə istismara verilmişdir. Bəzi problemlərlə üzləşən zavod SOCAR-ın tərkibinə daxil edildikdən sonra tam gücü ilə işləməyə başladı. 2019-2020-ci illərdə məhsul satışı müvafiq olaraq 400 min və 479 min ton olmuş və təmizlik dərəcəsi 99,9% olan “A” markalı metanolun 96-97%-i xarici bazarlara yönəldilmişdir.

Tikintisi 2014-cü ilin əvvəllərində başlamış SOCAR-ın Karbamid zavodu 2019-cu ildə istismara verilmişdir. Ammonyak, maye və dənəvər karbamid istehsal sahələrindən ibarət olan zavod azot gübrələrinin istehsalı üçün əsas xammal kimi təbii qazdan istifadə edir. Zavodun gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton dənəvər karbamiddir. Qeyri-neft sektorunda respublikada həyata keçirilmiş ən iri layihələrdən biri  olmaqla istehsal edilən məhsulların 70%-ə qədəri ixrac üçün nəzərdə tutulur.

2018-2019-cu illərdə istimara verilən Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarından ibarət olan “SOCAR Polymer” şirkəti növü və miqyası baxımından respublikada neft kimya sənayesinin ən önəmli layihələrindən biri sayılır. İllik istehsal gücü 184 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan şirkət, ərazisində yerləşdiyi Sumqayıt Kimya Sənaye Parkını və respublikanın digər kimya müəssisələrini xammalla təchiz etməklə yanaşı, xarici ölkələrə də qeyri-neft məhsullarını ixrac edir.

Yekunda qeyd etmək vacibdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin iqtisadi yüksəlişini təmin etmək məqsədilə həyata keçirdiyi tədbirlər sayəsində 2022-ci ilin yanvar-fevral aylarında müxtəlif kimya məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 44-125% artmışdır. Ümid etmək olar ki, bu meyil gələcəkdə də özünü daha yüksək səviyyədə göstərəcəkdir.

Dilqəm Tağıyev
AMEA-nın vitse-prezidenti, akademik

Xəbər lenti