Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasına start verilib.
Tehsil.biz xəbər verir ki, LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin olunması üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor imtahan sessiyası ərzində prosesə gündəlik nəzarət edəcəyini, neqativ halların qarşısının alınacağını bildirib.
Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 9:00-da başlayacaq və 11.30-da sona çatacaq. İmtahan nəticələrinin universitetin rəsmi saytında (www.lsu.edu.az) operativ yerləşdirilməsi təmin ediləcək.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor N.İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ araşdırılması, müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apelyasiya komissiyaları bu gündən fəaliyyətdədir və bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçib. Kitabxana hər gün 8.30-dan 17.30-dək fəaliyyət göstərəcək. Xatırladaq ki, yeni rekonstruksiya olunmuş Elmi kitabxanada müasir oxu zalları və elektron kitabxana tələbələrin ixtiyarına verilib.