Ulu Öndər paytaxt məktəbində
“Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünki müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır. Ona görə də bu bayram günü mən, ilk növbədə müstəqil Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edirəm, müəllimə, bu müqəddəs ada öz dərin hörmət və ehtiramımı, sevgi, məhəbbətimi bildirirəm. Bəyan edirəm ki, müəllim bundan sonra da müstəqil Azərbaycanın həyatında görkəmli yer tutucaq, müəllimə qayğı gündən-günə artacaq və müəllimin şanı-şöhrəti daha da yüksələcəkdir”.
Ümummilli Lider Heydər Əliyevin yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə Bakının Nərimanov rayonundakı 82 nömrəli məktəbdə keçirilən təntənəli toplantıdakı nitqindən, 1 sentyabr 2000-ci il
Həyatının hər anı xalqının taleyinə bağlı olan, millətini uca tutmağı bacaran, Vətənini canından artıq sevən dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışılmır. Adının çəkildiyi anda göz önündə ömür yolu, fəaliyyəti canlanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də məhz xalqımızın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilən əbədiyaşarlıq qazanmış parlaq şəxsiyyətidir. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında dahi insanı xatırlamaqla yanaşı, eyni zamanda onun nəcib və uzaqgörən əməllərinin uğurlu nəticələrinin şahidləriyik.
Heydər Əliyev Azərbaycan təhsilinin, elminin inkişafına xüsusi önəm verir, bu sahədə atılan hər bir addıma xüsusi həssaslıqla yanaşırdı. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın ümumi təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikilərək istifadəyə verilməsi ilə bağlı həyata keçirilən davamlı işlərin hazırda da bu istiqamətdə atılan addımların başlanğıcı, həmin illərdə qoyulan ənənənin davamıdır desək, bizcə yanılmarıq.
Heydər Əliyev Azərbaycan məktəbinə yüksək dəyər verirdi, Azərbaycan müəllimlərini çox sevirdi. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər müəllimə olan hörmətini, etimadını “Mən dünyada müəllimdən yüksək ad tanımıram”-deməklə, göstərirdi.
Dahi şəxsiyyət yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə təhsilin bünövrəsi sayılan ümumi təhsil müəssisələrinə gedişi ilə orada müəllim və şagird kollektivinə unudulmaz anlar bəxş edirdi.
Ulu Öndəri elə müəllimlər, şagirdlər, tələbələr, bütövlükdə təhsil ictimaiyyəti də çox sevirdi. Getdiyi təhsil müəssisələrində ona olan sonsuz hörmət və ehtiramlarını nümayiş etdirməyə çalışırdılar.
Ümummilli Lider Heydər Əliyevin 1 sentyabr 2000-ci ildə yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə Bakının Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbə gedişindən illər keçsə də adıçəkilən ümumi təhsil müəssisəsinin müəllim kollektivi üçün bu gün də xoş hisslərlə yada salınan ən əlamətdar hadisədir.
Həmsöhbətimiz olan elə Bakıdakı 82 nömrəli tam orta məktəbin direktoru və vaxtilə Ulu Öndərlə ünsiyyətdə olmuş bir qrup müəllim məhz “Heydər Əliyev İli”ndə dahi şəxsiyyətlə bağlı fikirlərini, xatirələrini bölüşüblər.
Uşaqlara çox çalışmağı, öyrənməyi tövsiyə etdi
Kəmalə ABDIYEVA,
İbtidai sinif müəllimi
- 1994-cü ildən Bakıdakı 82 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyirəm. Fəaliyyət göstərdiyim bu 28 ildə ən unudulmaz gün dahi şəxsiyyət Heydər Əliyevin məktəbimizə gəlişi və mənim də sinfimdə olmasıdır.
Yaxşı xatırlayıram. 2000-ci il sentyabrın 1-i idi. Məktəbimizin həyəti adamla dolu idi. Hamı Ulu Öndərin gəlişini gözləyirdi. Budur, gözlənilən an gəldi. Ümummilli Lider Heydər Əliyev gəldi, hamı ilə görüşüb tribunaya qalxdı. Həmişəki kimi aydın, səlis nitqi ilə müəllim və şagirdləri, valideynləri “Bilik günü” münasibəti ilə təbrik etdi, tövsiyələrini verdi. Sonra məktəbimizlə, buradakı təlim-tədris mühiti, yeniliklərlə tanış olmaq üçün sinif otaqlarını, fənn kabinetlərini gəzdi. Birinci sinif şagirdlərini isə məktəbə ilk qədəm qoyduqları üçün xüsusi təbrik etdi. İçi ləvazimatlarla dolu məktəbli çantaları birincilərə hədiyyə olundu. Təbii ki, o zaman birinci sinifdə oxuyan balacalar da həmin günü ömürləri boyu unutmayacaqlar. Ona görə ki, belə xoşbəxtlik hər şagirdə nəsib olmur. Onlar təhsil ocağına qədəm qoyduqları ilk gününü respublikamızın rəhbəri, hamımızın sevimlisi olan Prezident Heydər Əliyevin xeyir-duası ilə başladılar.
Budur, dahi şəxsiyyət mənim sinfimə daxil oldu. Mən və şagirdlərim çox həyəcanlı idik. Bizi elə səmimi, mehriban salamladı ki, həyəcan bir anda yox oldu. Uşaqlar onun suallarına sərbəst cavab verirdilər. Yadımdadır, necə oxuyacaqlarını soruşduqda uşaqlar “Yaxşı” cavabını vermişdilər. Mən düzəliş etdim ki, “Əla” oxuyacaqlar. Ulu Öndər mənə baxıb gülümsədi və dedi: “ Əlbəttə, “Əla” daha üstündür”. Heydər Əliyev uşaqlara çox çalışmağı, öyrənməyi tövsiyə etdi.
Həmin gün Heydər Əliyevin necə böyük şəxsiyyət olduğunun, onun təhsilə diqqət və qayğısının, uşaqlara olan sevgisinin bir daha canlı şahidi oldum. Bu dahi insanı görmək, onunla ünsiyyətdə olmaq mənim üçün böyük fəxrdir. Həmin anları əks etdirən şəkil hazırda da sinfimdə divardan asılıb. Hər zaman şagirdlərimə sevə-sevə bu görüşdən danışıram.
Bəli, mən fəxr edirəm ki, Ümummilli Liderimiz Heydər Əliyevi yaxından görmək şərəfinə nail olmuşam.
Dahi insanla söhbət etmək çox qürurvericidir
Zairə RAMAZANOVA,
İbtidai sinif müəllimi
- 1996-cı ildən bu məktəbdə rus bölməsində dərs deyirəm. 2000-ci ildə Ulu Öndər Heydər Əliyev “Bilik günü”ndə bizim məktəbə şagirdləri və müəllimləri təbrik etmək üçün gəlmişdi. O, zaman 30 yaşım var idi. Müəllim kimi 5 il idi ki, fəaliyyət göstərirdim. Həm sevinirdim, həm də dahi şəxsiyyətlə görüşün mənim üçün böyük anlam kəsb etdiyindən məsuliyyətim birə-beş artmışdı. Ümummilli Lideri yaxından görəcəyim anı səbirsizliklə gözləyirdim.
Heydər Əliyevin təhsil işçilərinə, şagirdlərə, eləcə də valideynlərə verdiyi tövsiyələr, səsləndirdiyi müəyyən iradların hər biri bizlər üçün çox əhəmiyyətli və dəyərli idi.
Ümummilli Lider birinci mərtəbədəki sinif otaqlarından birinə daxil oldu. Burada gördüyü şərait, xüsusilə siniflərdə kompüterlərin olması çox xoşuna gəldi. Sonra bizim sinif otağının qapısı açıldı və dahi şəxsiyyət mənim dərs dediyim birincilərlə görüşdü. Ulu Öndər balacalarla söhbətləşdi, mənə siniflə bağlı suallar verdi və bütün şagirdlərə hədiyyə olaraq çanta və məktəb ləvazimatları təqdim edildi. Ümummilli Liderimiz həm şagirdlərlə, həm də mənimlə çox səmimi söhbət etdi, hətta zarafatlaşdı. Dahi insanın səmimiliyi həyəcanımı bir anda yox etdi. Onun müəllimlik peşəsinə, müəllim əməyinə necə hörmətlə yanaşmasının bir daha canlı şahidi oldum.
Əlbəttə ki, bir müəllim olaraq dahi şəxsiyyətin yanında durmaq, onunla söhbət etmək böyük fəxr və qürurverici bir hissdir. Heydər Əliyevi yaxından gördüyüm, onunla ünsiyyətdə olduğum üçün özümü xoşbəxt müəllimlərdən sayıram.
Müəllimlərlə, şagirdlərlə görüşü tamam başqa bir aləm idi
Gülşən CƏLİLOVA,
İbtidai sinif müəllimi
- Ulu Öndərlə bağlı xatirələr məni 23 il əvvələ aparır. 2000-ci ilin ilk dərs günü idi... Məktəbimiz hələ belə bir ehtişam görməmişdi, çünki varlığı ilə hər bir azərbaycanlının qürur duyduğu şəxs - Ümummilli Lider Heydər Əliyev bizimlə görüşə gəlmişdi... Həmin an yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. O qürurlu yeriş, bütün qəlblərə sirayət edən nüfuzedici, ümidverici baxışlar, səmimiyyət, sadəlik biz müəllimləri çox məmnun etmişdi. Onun məktəblə tanışlığı , müəllimlərlə, şagirdlərlə görüşü isə tamam başqa bir aləm idi. Bir Lider bu qədərmi sadə, sevgi dolu olarmış? Şagirdlərimiz onun qarşısında şeir söyləyəndə gözlərindəki sevinc və sevgi çox açıq sezilirdi. Ulu Öndər məktəbimizin kitabxanası ilə tanış olduqda tarix dərsliklərilə bağlı müəyyən iradlarını bildirdi. Elə həmin vaxtdan tarix dərsliklərinin yenilənməsində bir dönüş yaratdı. Onu da qeyd edim ki, dərs ili başlayanadək heç birimizin Heydər Əliyevin gəlişindən xəbəri yox idi. Məktəbimizin keçmiş direktoru V.Mehdiyevin “Bu il məktəbimizin şagirdlərinin 80 faizi yüksək göstəricilərlə ali məktəbə daxil olub”- məlumatını söyləməsi məni çox sevindirdi. Xalqını, millətini canından çox sevən, Azərbaycan balalarını savadlı, bilikli, bacarıqlı görmək istəyən, onların yüksək təhsil almasına xüsusi önəm verən bir Lider üçün bundan gözəl hədiyyə nə ola bilərdi ki?
Ulu Öndərin adı, əməlləri daim qəlbimizdə yaşayacaq. Bir mahnıda deyildiyi kimi:
“Nə qədər Azərbaycan,
Nə qədər bu millət var,
Heydər xalqım deyəcək,
Xalq Heydər söyləyəcək!
Heydər Əliyev şagirdlərə hədiyyələr verdi
Gülər ORUCOVA,
İbtidai sinif müəllimi
- 25 ildir ki, müəllim olaraq çalışıram. Bu illər ərzində pedaqoji fəaliyyətim, şagirdlərimlə bağlı yaddaqalan anlarım, xatirələrim çoxdur. Amma onların arasında mənim üçün daha fərqli, qürur hissi doğuran, hər dəfə xoş hisslərlə yada saldığım bir xatirə var...
2000-ci il idi. O vaxtlar gənc bir müəllim idim. Yeni tədris ilinin ilk günü idi. Məktəbin direktoru Vaqif Mehdiyev bizə bildirdi ki, müasir dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyev “Bilik günü” münasibəti ilə məktəbimizə gələcək. Bu xəbər hamıda bir sevinc, coşqu, eyni zamanda həyəcan yaratdı. Mən uşaq kimi sevinirdim.. Böyük bir həyəcanla, sevgi ilə Ulu Öndəri gül-çiçəklə, alqışlarla qarşıladıq. Dahi şəxsiyyət müəllim kollektivini, şagirdləri yeni dərs ilinin başlanması və “Bilik günü” münasibəti ilə təbrik etdi. Biz təhsil işçilərinə, şagird və valideynlərə məsləhət və tövsiyələrini verdi. Sonra sinif otaqlarına daxil oldu. O zaman mən I sinif götürmüşdüm. Balaca fidanlarımın gözlərindəki marağı, sevinci heç vaxt unutmaram. Uşaqların sevimlisi Heydər Əliyev sinfə daxil oldu. Ulu Öndər o qədər səmimi, o qədər mehriban idi ki, bir az əvvəlki həyəcanımdan artıq əsər-əlamət qalmamışdı. Heydər Əliyev şagirdlərlə söhbətləşdi və onlara hədiyyələr verdi.
Dahi şəxsiyyət məndən bu peşəni niyə seçdiyimi, peşəmi sevib-sevməməyimi soruşdu. Peşəmin çox şərəfli, məsuliyyətli olduğunu qeyd etdi. Bu şərəfli və məsuliyyətli işdə biz müəllimlərə müvəffəqiyyətlər arzuladı. Mən də öz növbəmdə Ulu Öndərə təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürümü bildirdim.
Bundan sonrakı həyatımda da bir çox görüşlər, hadisələr ola bilər. Amma 2000-ci il 1 sentyabr tarixi mənim üçün unudulmaz, yaddaşımda hər zaman xoş hisslərlə xatırlayacağım bir gün kimi qalmaqdadır.
Dahi şəxsiyyətin olduğu məktəbə rəhbərlik etmək böyük bir məsuliyyətdir
Leyla FƏTİYEVA,
Bakıdakı 82 nömrəli tam orta məktəbin direktoru
- Dünya yarandı... Onun tarixi yarandı... Bu tarixi yazan və yaradan insanlardır... Bu insanların taleyi, həyatı, fəaliyyəti, məramları çox qeyri-adiliklərlə dolu olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək istəyirsən. Tarix yaratmaq tarix yazmaqdan çətindir. Ulu Öndərimiz Heydər Əliyev tarix YARADAN dahi insandır. Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yaddaşlarda yaşayır...
2000-ci ildə Ümummilli Lider Heydər Əliyev məhz bizim 82 nömrəli tam orta məktəbin qonağı olmuşdur. Məktəbin sinif otaqlarını gəzmiş, dərs prosesi ilə maraqlanmış, dərsliklərin vəziyyətini nəzərdən keçirmiş, müəllimlərin, şagirdlərin ürək sözlərini dinləmişdir. Prezidentin məktəbə gəlişi televiziyada canlı yayımlanmışdı. O zaman ictimaiyyət tərəfindən bu hadisə çox yüksək qiymətləndirilmişdi. Mən də dahi şəxsiyyətin məktəbə gəlişini televiziyadan maraqla izləmişdim.
Həmin vaxtdan illər keçib. Təsadüf elə gətirdi ki, məhz bu məktəbdə direktor kimi fəaliyyətə başladım. Mənim üçün dahi şəxsiyyət Heydər Əliyevin olduğu məktəbə rəhbərlik etmək böyük bir məsuliyyət, həm də qürurvericidir. Çox böyük fəxr və şərəf duyuram ki, məktəbimizin Ulu Öndərlə bağlı xoş xatirələri var...
Məktəbə daxil olduğum andan foyedə dahi şəxsiyyətin təhsil müəssisəsinin kollektivi, şagirdləri ilə çəkdirdiyi şəkillərlə üzləşirəm və hər gün elə bil əbədiyaşar liderin sözlərini eşidirəm “...Uşaqlarımızı vətənpərvər ruhda tərbiyə etməliyik ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən uca tutsunlar. Biz balalarımızı qorumalıyıq...”
Ömrümü təhsilə həsr etmiş bir məktəb direktoru olaraq əvəzolunmaz şəxsiyyətin təhsil ocağımıza göstərdiyi hörmətə və qayğıya həyatım boyu ehtiramla yanaşacağam. Dahi şəxsiyyətin , Azərbaycan təhsilinin qayğıkeş hamisinin “İnsan üçün hər şeydən əvvəl onun Vətənidir, torpağıdır. Biz çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq, indi buna nail olmuşuq və bunu əziz tutmalıyıq...” sözləri mənim və məktəbimizdə dərs deyən müəllimlərin həyat kredosuna çevrilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri mənim üçün də, məktəmizdə dərs deyən hər bir müəllim üçün də unudulmazdır. Xüsusilə Ulu Öndərlə yaxından ünsiyyətdə olmuş müəllimlərimiz onunla bağlı xatirələrini hər zaman böyük sevgi ilə bölüşürlər.
Ümummilli Lider müstəqil Azərbaycanın milli təhsil quruculuğu sahəsində aparılan islahatların memarı və yaradıcısı idi. Məhz onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın təhsili sahəsində tənəzzülünün qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yarandı...
İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək. Və Azərbaycan xalqının iftixarı olan HEYDƏR ƏLİYEVİN uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandıracaq...
Samirə KƏRİMOVA