Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Naxçıvan Muxtar Respublikasında təhsilimizin böyük himayədarı, ulu öndərin adının əbədiləşdirildiyi Heydər Əliyev adına məktəb görkəmli dövlət xadiminin xatirəsinə böyük ehtiramın ifadəsidir. Təhsil ocağının yeni binası 2004-cü ildə ölkə başçısı cənab İlham Əliyev iştirakı ilə açılıb:
“Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda, burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”.
Ölkə başçısının bu sözlərini pedaqoji kollektiv özünün fəaliyyət proqramına çevirib. Bu səbəbdəndir ki, hər tədris ili yüksək nəticələrlə başa çatır. İlk ən böyük nəticə isə məktəbin 2007-2008-ci tədris ilinin yekununa görə, respublikamızda “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır. Heydər Əliyev adına tam orta məktəbin muxtar respublikada digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatdığı, tədrisin və təlim-tərbiyə prosesinin təşkilində burada əldə olunmuş təcrübənin geniş şəkildə yayılması üçün ciddi əsaslar yaratdığından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” 2014-cü il 21 avqust tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən oktyabr ayının 22-də məktəbin 10 illiyi təntənəli şəkildə qeyd edilib.
Tədbirdə: - “Ümummilli liderimizin adını daşıyan məktəbdə təhsil almaq böyük şərəf, şagirdlərə elmin sirlərini öyrətmək isə bununla yanaşı, həm də böyük məsuliyyətdir. Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır… Vətənpərvər gənclik dövlətin gücü və onun əsas dayağıdır. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan şagirdlərə, məktəbi bitirən məzunlara baxarkən qürur duyuruq. Fəxr edirik ki, gənclərimiz sabahımızın təminatçısı kimi yetişir, Vətənə, Azərbaycançılıq idealına sadiqlik ruhunda tərbiyə olunurlar”, – deyən Ali Məclisin Sədri bu yolda məktəbin müəllim və şagirdlərinə uğurlar arzulayıb, kollektivi bir daha yubiley münasibətilə təbrik edib.
Dörd mərtəbədən ibarət olan məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi (biri elektron lövhəli), 2 müəllim otağı, emalatxana və idman zalı vardır. Hazırda 1200-dən çox şagirdin oxuduğu bu təhsil ocağında 94 müəllim çalışır.
Sinif otaqları və fənn kabinələrində yaradılan şərait dərslərdə əyaniliyin təmin olunmasına imkan verir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almasına, azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən gənc kimi yetişməsinə imkan verir.
Məktəbin kompüter otaqlarında 70 kompüter dəsti quraşdırılıb, internetə çıxış təmin olunub. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılıb, elektron dərsliklər və əyani vəsaitlərlə təminat yüksək səviyyədə təşkil olunub.
Məktəb zəngin kitabxana fonduna malikdir.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslər keçirilir, şagirdlər biliklərlə yanaşı, milli və mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Bütün bunlar təhsildə qazanılan uğurların təməlində dayanan amillərdir. Bizim məktəbin kollektivi də bu imkanlardan səmərəli istifadə etməyə səy göstərir.
Məktəbimizin kollektivi təhsil ocağında ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyələrini əldə rəhbər tutaraq milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər, müstəqilliyimizin keşiyində durmağı vətəndaşlıq borcuna çevirən gənclər yetişdirilməsi üçün bütün imkanlarını səfərbər edir. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına, onun ideyalarına layiq olmalıdır. Məktəbi yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, qızıl və gümüş medal alan məzunlarımız etimadı yüksək səviyyədə doğruldurlar. Məktəbin şagirdlərindən birinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb.
Son beş ildə, 2015-2019-cu illərdə məktəbimizin məzunlarının 91,1 faizi ali məktəblərə qəbul olub. Onlardan 67 nəfəri 500-700 intervalında bal toplayıb, məzunlardan 6 nəfəri qızıl, 4 nəfəri isə gümüş medalla təltif edilib, 13 şagirdimiz fərqlənmə attestatı alıb, iki məzunumuz Prezident təqaüdünə layiq görülüb. Bəhs edilən dövrdə dörd şagirdimiz Respublika Fənn Olimpiadalarında yüksək nəticələrə nail olublar.
Məktəbin pedaqoji kollektivinin öz məsuliyyətini dərindən dərk etməsi, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərməsi məktəbimizin qazandığı uğurların əsas amillərindəndir. Elə bunun nəticəsidir ki, Heydər Əliyev adına tam orta məktəb respublikanın ən yaxşı məktəbləri sırasında öz layiqli yerini qorumaqdadır.
Qazanılan uğurlarda başlıca sima olan müəllimlərimizin əməyi layiqincə qiymətləndirilib. Məktəbin 5 müəllimi Azərbaycan Respublikasının, 5 müəllimi Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, 4 müəllimi “Tərəqqi” medalı ilə təltif edilib, 1 müəllimi isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Heydər Əliyev adına tam orta məktəbin kollektivi görkəmli dövlət xadiminin bu tövsiyyəsini əldə rəhbər tutaraq qazandığı nailiyyətləri son hədd hesab etmir. Yaradılan şərait, göstərilən diqqət və qayğı müqabilində daha çox uğura nail olmaq əzmi ilə çalışır.
Elmira Həsənova
Heydər Əliyev adına tam orta məktəbin direktoru