"Ayaqyolu olmamasına etraz edən və töhmət alan Leyla müəllimi ziyarət etdik və dəstəkləyirik".
Tehsil.biz xəbər verir ki, bunu deputat Razi Nurullayev bildirib.
O bildirib ki, bütün məktəblərdə bu və ya digər cəhətdən problemlər var: "Ayaqyolu yoxdur" deyən müəllimi məzəmmət etmək, töhmət vermək yolverilməzdir. Töhməti müxtəlif yollarla, hüquqi don geyindirməklə əsaslandırmaq olar və artıq bu edilir. Lakin hər kəs bilir ki, uşaqların məktəbə gəlməməsini istəyən müəllim bunu ritorik olaraq deyir, məsələyə diqqət çəkir və çəkə də bilib. Bu ayrıca bir uğur hekayəsidir".
Millət vəkili qeyd edib ki, Leyla müəllim dövlətə, hökümətə, xalqa və konkret şəxslərə qarşı çıxmayıb, o, bizim məktəbə təhsil üçün göndərdiyimiz fidan balaların gələcəyi üçün həyəcan təbili çalıb: "Mən İmişli rayonunun deputatı olaraq Leyla xanımı dəstəkləyir və yanındayam. Hər kəs başa düşür və görür ki, yeni məktəblər tikilir, təmir edilir və elə müəllimin işlədiyi Aranlı kənd məktəbi də bu il tikilməyə namizəddir. Amma bu həqiqəti görüb susmağa, yalan danışmağa, yaltaqlanmağa və şəxsi mənfəətini düşünməyə əsas ola bilməz".
"Bütün Azərbaycan boyu məktəblərdə olan xırda problemləri həll etmək üçün əsaslı pul ayrılmasını, yeni məktəb tikintisini və s. gözləməyə ehtiyac yoxdur", - deputat əlavə edib.
Razi Nurullayevin mövzu ilə bağlı paylaşdığı görüntünü təqdim edirik: