Naxçıvan Dövlət Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.
Tehsil biz xəbər verir ki, ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev imtahanların gedişatı ilə tanış olub, tələbələrin arzu və təkliflərini öyrənib, onlara uğurlar arzulayıb.
Yazılı, şifahi və elektron-test üsulu ilə, əsasən iki növbəli olmaqla keçirilən imtahanlarda bakalavr səviyyəsində 75 ixtisas üzrə 8 minədək tələbə, magistratura səviyyəsində isə 136 ixtisaslaşma üzrə 423 magistrant imtahan verir.
Qeyd edək ki, imtahan nəticələri imtahan gününün sonunda tələbələrin şəxsi kabinetlərinə yerləşdirilir. Həmçinin imtahan sualları da semestrin əvvəlindən LMS platforması üzərindən tələbələrin şəxsi kabinetinə daxil edilib. Elektron-test üsulu ilə aparılacaq imtrahanların testləri 2022-ci il dekabrın 25-dək imtahan sistemində açılaraq tələbələrə tədqim olunub.
Sessiya zamanı imtahanda iştirak etməyən və ya akademik borcu yaranan tələbələrə 2 fənn üzrə imtahan vermək üçün fevral ayının ilk on günlüyündə şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
İmtahan sessiyası fevral ayının 1-dək davam edəcək.