Uzun zamandır, müşahidə etdiklərimi ürək ağrısı ilə seyr edirəm. Vəzifədən ötrü nələr edirlər, nələr...
Bəlkə də fikirləşirsiniz ki, daha çox çalışırlar, daha vicdanlı işləmək istəyirlər, xeyr, elə deyil.
Bəzi şəxslər yuxarı vəzifədə oturanlara görə dəyişməyi daha üstün tuturlar.
Məsələn, bir nəfər götürək. Qatı rüşvətxor olan bir şəxsin rəhbərliyi altında çalışır. Rəhbərliyi rüşvəxtor olduğuna görə, ona yaxşı görünmək üçün, özü də o tərəfə meyilli olduğu üçün yaxşı yeyir də, yedizdirir də. Haqq-ədalət, vicdan, insanlıq yada düşmür. Zaman gəlir, həmin rəhbərliyi işdən azad edirlər.
Başqa rəhbər gəlir. Bu təmiz işləyir. İndi dünənə qədər amansızlıqla insanların qanını sovuranlar bu gün vicdan, ədalət, haqqdan danışırlar. Sanki bu şəxslərdən təmiz işləyən olmayıb. Təbii ki, bəziləri olub ki, işdə qalmaq üçün nələrsə edib, bunu heç dilə gətirmirəm, ehtiyac da görmürəm.
Baxıram ki, həqiqətən əziyyət çəkirlər, bu maskanı çıxart, onu tax, onu çıxart, bunu tax...
Məsələn, fikirləşirlər ki, bu şəxsdə işıq ucu var, bundan istifadə edib bir pillə yuxarı qalxmaq olar. Həmin şəxsin oxuduğu kitabdan da oxuyar, sevdiyi yeməklərdən də yeyəcəklər, həmin şəxs kimi fikirləşəcəklər, nə desə, "amin, düz deyirsiniz" deyəcəklər, əsas odur ki, o işıq ucundan istifadə etsinlər.
Günlərin bir günü bir vəzifəli şəxs deyiblər ki, sabah Bakıdan Bərdəyə gələcək. Uzaqgörənlərdən biri, tənbəllik etməyib, bu günü Bakıya çıxıb, fikirləşib ki, sabah Bakıdan mənimlə qayıtsın, yolda da iki kabab yedizdirib gözə girim. Ən maraqlısı da odur ki, fikirləşəndə deyirlər ki, "görüm də, nə edirəm".
Dəhşətlisi odur ki, "yaltaqlıq" etmək üçün daha yer də yoxdur. Əsas şəxslərin hamısı tutulub. Birindən çıxıb o birinə keçmək olmur. Əlavə bilet də satmırlar, olsa da, axırıncı sıralarda olur, orada da heç kim səni görmür.
Dediyim odur ki, əslində vəzifə bizi dəyişdirmir, biz vəzifəyə görə dəyişirik.
Elşən Ramizoğlu
Bərdə rayonu Qazaxlar kənd tam orta məktəbinin direktoru