Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin ofisinin açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, mərasimdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdiyev, Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Qaziosmanpaşa Xalq Təhsili Mərkəzinin müdiri Musa Metin Özver və yerli ictimaiyyətin tanınmış numayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Məhsəti Şərif Özyürək təşkilatın yaranma səbəblərindən danışıb. Nəzərə çatdırıb ki, qadınlar və azyaslı uşaqlarla işləmək istiqamətində fəaliyyət göstərəcək dərnək Türkiyədə yaşayan, Azərbaycan və Türkiyə vətəndaşları olan, şiddət görən qadınların hüquqlarının müdafiə edilməsi, təhsili olmayan qadınlar üçün kursların, Azərbaycan və Turkiyə vətəndaşlarından ibarət qadınların əl işlərindən ibarət sərgilərin təşkil edilməsi, aztəminatlı ailələrin övladlarına təqaüdlərin verilməsi, məktəblərdə kitabxanaların açılması kimi nəcib missiyanı həyata keçirnək niyyətindədir. Qeyd edib ki, artıq dərnək qısa müddət ərzində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bagırovun adına kitabxana açıb, 12 məktəbliyə təhsil dəstəyi olaraq təqaüd verib, 40 azyaşlını isti geyimlərlə təmin edib, dərnək nəzdində bələdiyyə və Təhsil Nazirliyinə bağlı xalq təhsili kursları açıb. Hazırda isə Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiq adına kitabxananın yaradılmasına hazırlıq işi aparılır.
Mərasim çərçivəsində dərnəyin mədəniyyət bölümünün rəhbəri Lətafət Rafiqin əsərləri, həmçinin xalq təhsili kursu müdavimlərinin əl işləri nümayiş etdirilib. Mərasim iştirakçıları dərnəkdə yaradılan Qarabağ guşəsinə, eləcə də Azərbaycan və Türkiyə yazarlarının, incəsənət xadimlərinin təqdimat guşəsinə böyük maraq göstəriblər.