Logo

Şuşada bir gün...

11.01.2023 08:58 369 baxış
IMG

Şuşa... İllərdir həsrətində olduğum şəhər.

Uşaqlıq xatirələrimin saxlandığı şəhər.
Adı belə çəkilərkən göz yaşlarıma hakim olmadığım şəhər.

Sonunda yola düşdük... İnanılası kimi deyil, amma mən Şuşaya gedirdim. Gözəl şəhərim işğal altında olduğu illər ərzində bəzən elə anlar olurdu ki, bir daha Şuşanı görməyəcəyim qorxusu məni bürüyürdü, sonra ümid gəlirdi, o dumanı dağıdırdı.
Ulu öndər Heydər Əliyev “Azərbaycanın gözü”, “hər bir azərbaycanlı üçün iftixar mənbəyi”, “mədəniyyətimizin, tariximizin rəmzi” adlandırdığı Şuşaya gedəcəyimizi qətiyyətlə söyləyərdi, inanırdı və inandırırdı.

Şuşanı görməyən şuşalıların sayı artıqca Şuşa sankı bizdən uzaqlaşırdı. Lakin hər dəfə bir sözlə, bir hekayə ilə Şuşaya tərəf boylanırdıq.
Televiziya kanallarının birində bir sənətkarımız Məkkəyə gedəndə Şuşanın yenidən qayıtması üçün dua etdiyini və bu zaman üzərinə yağış damlaları düşdüyünü deyərkən mənim kimi onu dinləyən minlərə insanın ürəyində ümid yenidən göyərirdi. Allah bizim ümid çırağımızı alovlandırırdı, inamımızı, ruhumuzu diri tuturdu.
Şuşamız Azərbaycanın mədəniyyət mərkəzi, sənət məbədi, Qarabağın dilbər guşəsi adlandırılır, bir çox sifətlərlə vəsf edilir, ona canlı bir varlıq kimi baxılır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 noyabrda möhtəşəm xəbəri verərkən Şuşaya xitab etdi:

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik.

Prezident 28 il azadlıqdan məhrum olmuş, bir məhbus kimi yaşamış şəhərin azad olduğunu elan etdi.

Şuşa işğal altında olan illərdə insanlarımız bir-birindən soruşurdu: "Görəsən, Şuşa neyləyir?", "Yəqin onu incidirlər", "Şuşa bizdən küsüb", "Şuşa darıxır..."

Mən də Şuşanın ruhu olduğuna inananlardanam. "Utanc" adlı romanımda Şuşa işğal olunanda yalnız əhalinin deyil, Şuşanın çəkdiyi iztirabı da təsvir etmişdim.

"Şuşanın dağları, daşları, torpağında uyuyanların ruhları fəryad çəkirdi, "getməyin", - deyə var gücü ilə bağırırdı. Əcdadlarının ruhu yalvarırdı. Yalvarırdı ki, onları qoyub getməsinlər, lakin heç kim onları düşünmürdü. Uşaqların ağlaşması, qışqırtılar, ah-nalə bir-birinə qarışmışdı. Artıq gözəl Şuşam heç nə demirdi, çünki duyanı yox idi, sakitcə seyr eləyirdi, gözləri dolu-dolu... Qopardığı fəğanla inləyirdi.   

Uzaqdan görünən boz tufan isə yavaş-yavaş sinsi addımlarla Şuşaya yaxınlaşırdı. Şuşa inanmırdı, durmadan köməyə çağırırdı, hay verəcək kimsə yox idi.

Səmasında şimşək çaxırdı, boz tufan yavaş-yavaş yaxınlaşırdı.

Yer-yerindən oynadı, toz-torpaq göyə sovruldu.
Boz tufan Şuşanın möhtəşəm divarlarından içəri daxil oldu.   

"Yox", - deyərək Şuşa diz çökdü. Dağlardan qopan nalə bütün Azərbaycana yayıldı. Kimi nalənin haradan gəldiyini anlamadı, çaşqın halda ora-bura baxdı, kimi eşidən kimi ürəyi partladı, kimi isə çarəsiz illərlə ağladı..."

Bəli, illərlə...

Amma Qələbə xəbəri gözümüzün yaşını sildi.
44 günlük Vətən müharibəsinin iştirakçıları döyüşü "Şuşanı geri almaq mistik tapşırıq idi, sanki bulud bizi gizlədirdi", "Vicdanım rahatlıq tapmışdı", Şuşa qələbəsini "şərəf, namus və qeyrətimizin geri qaytarılması" kimi qiymətləndirirdilər. Şuşada xalqımızın nəsildən nəsilə qurur duyaraq anladacağı bir qəhrəmanlıq hekayəsini yazırdılar.
Müzəffər Ali Baş Komandan Şuşanın azad olunduğu 8 noyabr gününün Zəfər günü kimi qeyd olunacağına tarixi qərar verdi. Heç bir şeyin təsadüfi olmadığına inanıram.

İndi Şuşaya gedirik... Zəfər yolu boyu dağıdılmış kəndləri, talan edilmiş, xarabalığa çevrilmiş yerləri, kəsilmiş ağacları gördükcə bir daha erməni vəhşiliyinin şahidi olurduq.

Nəhayət, Şuşa yazısı göründü. Şuşa tək tikililərdən ibarət müəyyən sahədə salınmış şəhər deyil, fərqli bir məkandır.

Prezident İlham Əliyevin dediyi kimi, "Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur".
Bu gözəl şəhərə gələn hər adamın öz Şuşası var. Mən Şuşaya - onun çal-çağırlı dünyasına yayda gedəcəyimi düşünürdüm. Amma Şuşaya soyuqda getdim. Bizi sakitlik qarşıladı, səssizcə salam verdi və getdi. Bu hal mənə yad idi, mən Şuşanı belə görməmişdim. Şuşa bizi həmişə musiqi, gülüş səsləri ilə qarşılardı. Yaxın keçmişdə...

Bülbülün ev-muzeyinə gedəndə ətrafa baxırdım, çox izlər silinmişdi. Simpoziuma gələn iştirakçılardan ayrıldım. Bazar meydanına tərəf getmək istədim, gedə bilmədim, yolun ortasında dayandım, gördüyüm mənzərənin təsirindənmi, keçirdiyim hisslərdənmi donub qalmışdım. Ətrafa baxırdım. Şuşa kimi sakitcə...

Hara gedəcəyimi bilmirdim. Eyni anda bir neçə yerdə olmaq istəyirdim. Eyni anda hər tərəfi görmək istəyirdim. Külək kimi hər yerdə əsib keçmək istəyirdim. Hara gedim?

Bir vaxtlar yuxarıda Yuxarı Gövhər ağa məscidi, səsi, rəngarəngliyi ilə insanları başına yığan bazar vardı. İndi soyuqluğu insanları qovurdu. Aşağı tərəfdə atamın yaşadığı ev... gedib tapa biləcəyimə əmin deyildim. Sağ tərəfdə Qənirə xalanın iş yerindəki tut ağacını görmək istəyirdim. Tut ağacı dururdumu görəsən, yoxsa qurumuşdu. Sol tərəfdə Xurşidbanu Natəvanın evi, o tərəfdə park da vardı. Yuxarı məhəllədə Aydın dayının evi... Nə görəcəyimi, nə ilə rastlaşacağımı bilmirdim.
Şuşanın hər parçası mənim üçün əzizdir, eyni küçələri günlərcə gəzsəm belə, bezmərəm, yorulmaram.

Nə idi məni saxlayan, niyə gedib xatirələrimə sarıla bilmirəm? Vaxt uçurdu, hara gedəcəyimə qərar verə bilmirdim. Yolda gördüyüm bir nəfərə Şuşanın xilaskarlarının gəldikləri yolu, güllə izlərini görmək istədiyimi bildirəndə bizim zatən o yolla gəldiyimizi və ətrafa diqqətlə baxmamı söylədi. İlk hara gedəcəyimə, haranı görmək istəyəcəyimə qəlbim qərar vermişdi. Avtobusla Cıdır düzünə getdik.
Qəlpələrin dəlik-deşik etdiyi daşlara toxundum, bura ziyarətə gələnlər gül qoymuşdular. Bu, xalqımızın qəhrəman şəhidlərimizin ruhlarına ehtiramının, sevgisinin ifadəsi idi.

Səssizcə daşın yanında oturdum və uzaqlara getdim. Şəhidlərimiz, bu qələbəni borclu olduğumuz Vətən oğulları burada ölümün soyuq nəfəsini hiss etmişdilər. Ya salamlaşacaqdılar, həyatlarını qurban vermək bahasına Vətəni xilas edəcəkdilər, ya da sağollaşıb uzaqlaşacaqdılar.

Qəhrəmanlar salamlaşmağı seçdilər.

İgidlərin simaları, məğrur duruşları, onlar üçün etdiyimiz dualar, məktəblilərin yazdıqları məktublar, çəkdikləri şəkillər, yığdıqları pullarla yardım edən, yolda cəbhəyə gedən əsgərlərə satacağı meyvələri verən böyük ürəkli insanlar gözümün önünə gəldi, bu birlik və sevgi ilə xalqımız yumruq kimi birləşdi. Anaların şəhid xəbərlərini eşidəndə fəryadları, uşaqların kədərli simaları... Boğulurdum, belə məqamlarda insan göz yaşlarına hakim ola bilmir.

Sonra bu mənzərəni qəhrəmanları yetişdirən qadınların məğrur baxışları, hər zaman ataları ilə qürur duyacaq şəhid övladları, əyilən başını yerdən qaldıran xalqımın səsi əvəzlədi.

Qələbəni Bizə qismət edən Allaha Cıdır düzündə şükür etdim.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı və müzəffər Ordumuzun şücaəti ilə qazanılan qələbə həsrətimizə son qoymaqla milli birlik ruhunu formalaşdırdı, 44 günlük müharibədə şanlı tariximizin parlaq səhifələri yazıldı.

Vaxtım azalırdı. Üzüaşağı getməyə başladım. Getmək deməzdim, sanki uçurdum. Dar küçələrdə kimsəsiz, viran qalmış evlər, qaralmış daşlar, kol-kos basmış həyətlər, unudulmuş bağlar...

Şuşa nə qədər yara almışdı.

Uşaq vaxtı getdiyim yerlərin bəzilərinə uzaqdan baxdım, bəzilərinə getməyə vaxtım yox idi, bəziləri isə yox idi. Qapısı bağlı dükanın qarşısında dayandım, ətrafı seyr etdim. Gözümün önündən şuşalılar və şəhərin qonaqları bir-bir gəlib keçdi, gülürdülər, mübahisə edirdilər, yavaş-yavaş gəzişirdilər, uşaqlar sevinirdi, hər şey çox gözəl idi. Mən də onların arasında idim. Və birdən hər şey dondu və yox oldu.

Şuşanı tapa bilmədim. Mən gəlmişdim, amma Şuşa getmişdi. Xatirələri də aparmışdı...

Şuşa ilə sağollaşmaq zamanı yaxınlaşırdı, qapıya doğru getdik.

Şuşanı qarış-qarış gəzmək gələn səfərə qaldı.
Hər fəsli yaşayacaqsan, amma heç bir zaman qış səndə qalmasın. Hər zaman yaz ruhunla var ol, əziz Şuşa.

Kəmalə Qəhrəmanova,
Bakı Dövlət Universitetinin dosenti

Xəbər lenti