Logo

ABŞ mediasında Azərbaycan və yəhudi xalqlarının sarsılmaz dostluğundan bəhs edilib

11.01.2023 09:23 280 baxış
IMG

ABŞ-nin https://newsblaze.com xəbərlər portalında “Azərbaycan, Bakı istiqamətində” (“Destination Baku, Azerbaijan”) adlı məqalə yayımlanıb.

Tehsil.biz xəbər verir ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin qələmə aldığı məqalədə 1991-ci il 25 dekabr tarixindən Azərbaycanla İsrail arasında münasibətlərin yaranması, 2023-cü ildən İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin açılması, Azərbaycanın 30 illiyə yaxın işğaldan sonra öz torpaqlarını azad etdiyi, hazırda Qarabağda irimiqyaslı quruculuq işləri apardığı, jurnalist kimi Azərbaycanla tanışlığının tarixçəsi, Azərbaycanın onün üçün doğma ölkəyə çevrilməsi, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun təsis edilməsi səbəbi, Azərbaycanda yəhudi icmasının rahat və təhlükəsiz şəkildə yaşaması, Qubadakı Qırmızı Qəsəbədə gördükləri barədə ətraflı məlumat verilib.

“...Mən bir şahid kimi əlavə edə bilərəm ki, Azərbaycan müxtəlif xalqların mehriban yanaşı yaşamasının nümunəsidir, burada müxtəlif etnik qruplar və dinlər üçün sərhəd yoxdur. Azərbaycan və İsrail arasında münasibətlər qarşılıqlı maraqlara əsaslansa da, onlar həm də iki xalqın ortaq tarixinə söykənir. Qafqazın dağlıq bölgəsinin yəhudiləri və müsəlmanları min ildən artıqdır ki, birlikdə harmoniya şəraitində yaşayırlar. Bu gün müsəlman aləmindəki ən böyük yəhudi icmalarından biri Azərbaycandadır. Azərbaycan yəhudiləri tam təhlükəsizliyin və tam dini azadlığın kefini sürürlər”, - deyə Nurit Qringer vurğulayıb.

Müəllif qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycana təşkil etdiyi 10 günlük səfərdən yeni qayıdıb. Səfər proqramına azad edilmiş Qarabağı və Şuşa şəhərini ziyarət də daxil olub.

Nurit Qringer Azərbaycana səfərdən sonra israilli həkim İşay Falikin 2021-ci ildə Bakıda gözündən əməliyyat etdiyi Vətən müharibəsi qazisi Arif Hacıyevlə birlikdə İsrailə yola düşdüyündən, azərbaycanlı hərbçinin buynuz qişa donoru ilə görüşdüyündən və ona minnətdarlıq etdiyindən bəhs edib. “İsrailin həkim briqadası 150-dən çox yaralı azərbaycanlı əsgərə yardım göstərib və əməliyyat keçirib. Bakıdakı Zərifə Əliyeva adına Oftalmoloji Xəstəxanada aparılan mürəkkəb buynuz qişasının transplantasiyası əməliyyatı ilə Arifin ağır yaralanan gözü uğurla xilas edilib. Buynuz qişa həyat yoldaşını ağır xəstəlik səbəbindən itirən İsrail vətəndaşı xanım Həcər Ruso tərəfindən donor edilib. İndi Arifin bir gözü azərbaycanlı, digəri israillidir və onlar birlikdə ölkələrin yaxınlığını təmsil edirlər”, - deyə fond rəhbəri ilk dəfə donorun adını açıqlayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür.

Xəbər lenti