Logo

Şəki Regional Elmi Mərkəzi Özbəkistanın İpəkçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

12.01.2023 00:01 307 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi Zərintac Şükürova Özbəkistanın İpəkçilik və Yun Sənayesinin İnkişafı Cəmiyyətinin İpəkçilik Elmi-Tədqiqat İnstitutunun dəvəti ilə bu ölkədə elmi ezamiyyətdə olub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, AMEA və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış əməkdaşlığa dair memorandum çərçivəsində baş tutan səfər zamanı Z.Şükürova Daşkənddəki İpəkçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Şuxrat Abdulazizov, direktor müavini Sayfiddin Valiyev və institutun aparıcı elmi işçisi Bəxtiyar Nəsrullayev ilə görüşüb. O, ŞREM tərəfindən hazırlanmış gələcək tərəfdaşlıq haqqında razılaşma və nəzərdə tutulan işçi planını təqdim edib. Z.Şükürova tövsiyələri dinləyib, ayrı-ayrı bəndlər üzrə sualları cavablandırıb. O, həmçinin İpəkçilik Elmi-Tədqiqat İnstitutunun tut ağacı bağları, ipəkçilik tarixi muzeyi guşəsi, institutun tədqiqat laboratoriyaları və burada qorunub saxlanılan tut ipəkqurdunun damazlıq sortları ilə tanış olub.

Səfər çərçivəsində Z.Şükürova Özbəkistan Respublikasının İpəkçilik və Yun Sənayesinin İnkişafı Cəmiyyətini də ziyarət edib. Burada sərgilənən və gələcəkdə istifadəsi nəzərdə tutulan “fermer kəndinin” maketi, yerli və xarici damazlıq tut ipəkqurdu sortları, müasir dizaynlı kümxana rəfləri və s. eksponatlarla tanış olub.

Xəbər lenti