Gəncə Dövlət Universitetinin (GDU) Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam etdirilir, elm və təhsilə dair müxtəlif proqramların tətbiq edilməsi üçün mühüm işlər həyata keçirilir.
Bu barədə "Tehsil.biz"ə GDU-dan məlumat verilib.
Bildirilib ki, universitet beynəlxalq əlaqələrini genişləndirərək növbəti uğura imza atıb.
Belə ki, Gəncə Dövlət Universiteti ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memoranduma görə hər iki universitet arasında təhsil, mədəni və elmi tədqiqatlar sahəsində əməkdaşlığın qurulması, tələbə və müəllimlərin mübadiləsi, eləcə də birgə elmi tədqiqatlar və konfransların təşkil olunması da nəzərdə tutulur. Bütün bunlar isə hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaq.
Qeyd edək ki, Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universiteti qardaş ölkə üzrə 2-ci ən böyük kampusa sahib ali təhsil ocağıdır. Hazırda Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi və universitetin öz xəstəxanası da vardır.