Logo

MDU modernləşən universitet: strateji hədəflər və əsas nəticələr

13.01.2023 12:20 345 baxış
IMG

2022/2023-cü tədris ilinin payız semestri: tədris və elmi fəaliyyətdə prioritetlər

Dövlət dəstəyi və yeni çağırışlar

Başa vurulan 2022/2023-cü tədris ilinin payız semestri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qarabağ Zəfərinin ikinci ildönümü, eləcə də ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlamətdar oldu.

Qlobal pandemiya şəraitində COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri nəticəsində Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin əhəmiyyətli dərəcədə yumşaldılması ilə əlaqədar olaraq uzunmüddətli fasilədən sonra cari tədris ilində respublikamızın ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində (MDU) ənənəvi təhsilin tamamilə bərpa edilməsi mühüm əhəmiyyət kəsb etmişdir.

Ali təhsilə dövlətin yüksək diqqət və qayğısı, Elm və Təhsil Nazirliyinin birbaşa dəstəyi, eləcə də universitetdə həyata keçirilən kompleks tədbirlər və mövcud təcrübələr MDU-da cari tədris ilinin payız semestrinin uğurla başa çatdırılmasına səbəb olmuşdur. Ötən ilin avqust ayında Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən MDU-nun Elm vəTəhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu əldə etməsi və yeni Nizamnamənin təsdiq edilməsi universitetdə idarəetmənin səmərəliliyinin artırılmasına və imkanların genişləndirilməsinə mühüm zəmin yaratmışdır.

Eyni zamanda “Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanaraq Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”müasir dövrün tələblərinə və çağırışlarına cavab verən ali təhsilin təmin edilməsi yolunda universitetlər qarşısında yeni vəzifələr qoymuşdur. Strategiyada ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi, elmi tədqiqatların və innovasiyaların inkişafı, elm və təhsilin inteqrasiyası və bu kimi digər məsələlərlə bağlı əksini tapan fəaliyyət istiqamətləri MDU-da diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir.

Rebrendinq və gələcəyə baxış

Son dövrdə universitetin müasirləşməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin və qarşıya qoyulan strateji hədəflərin ümumi ideoloji konsepsiyasına uyğun olaraq MDU rebrendinq edilmişdir. Rebrendinq çərçivəsində MDU-nun yeni korporativ stili, yeni loqosu və yeni rəsmi saytı hazırlanmış, universitetin sloqanı, missiyası və gələcəyə baxışı müəyyən edilmişdir. Ölkənin dayanıqlı inkişafına töhfə verən yüksək ixtisaslı kadrların hazırlanması, nəticəyönümlü elmi tədqiqatların aparılması və cəmiyyətə faydalı sosial xidmətlərin göstərilməsi missiyasını üzərinə götürən MDU gələcəyə baxışda təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi hədəfləmişdir. “Müasir təhsil, doğru seçim, uğurlu karyera” sloqanını seçən MDU öz missiyasını layiqincə yerinə yetirəcəyinə əminliyini, davamlı modernləşməyə sadiqliyini, tələbə və məzunlarının hərtərəfli inkişafına dəstəyini ifadə etmişdir.

Mövcud vəziyyət və modernləşmə istiqamətləri

Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 31 ixtisas (bakalavriat) və 15 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3500-dən artıq tələbə və magistrant təhsil alır. Bütövlükdə 320-dən çox əməkdaşı olan MDU-da 210 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 4 nəfərin elmlər doktoru, 62 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 39 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, cari tədris ilindən etibarən MDU-da Türkiyənin Qazi Universitetindən 1 dosent və ABŞ Dövlət Departamentinin Fulbright-ETA Proqramı çərçivəsində 1 Amerikalı mütəxəssis fəaliyyət göstərir.

Müvafiq dövlət qurumlarının, yerli və xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllim kollektivinin əməyi, eləcə də idarəetmədə səmərəliliyin, çevikliyin, hesabatlılığın və şəffaflığın artırılması sayəsində cari payız semestri ərzində MDU-nun potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Hər şeydən əvvəl, tədris və təlim-tərbiyə prosesinin mövcud qaydalara uyğun səmərəli təşkilinə nail olunmuş, akademik göstəricilərdə və elmi fəaliyyətdə müsbət dinamik dəyişikliklər baş vermiş, sosialyönümlü fəaliyyətlər genişlənmiş, idarəetmənin müasir tələblərə uyğun təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində davamlı addımlar atılmış, yerli və beynəlxalq tərəfdaşlıqlar, o cümlədən sənaye ilə işbirliyi gücləndirilmişdir.

Modernləşmə yolunda yeni keyfiyyət mərhələsinə qədəm qoyan MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına şərait yaradan əlverişli ali təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Tələbələrin müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tədqiqat, yaradıcılıq və digər qabiliyyətlərinin inkişafına, startap və innovasiya fəaliyyətlərinin təşviqinə və universitet idarəçiliyinə fəal cəlb olunmasına mühüm önəm verilir. Eyni zamanda, akademik, inzibati və texniki heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, onların karyera inkişafı, sosial rifahı və əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Milli ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirməyi və regional ekosistemin drayverinə çevrilməyi hədəfləyən MDU-da əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədqiqat və innovasiya potensialının gücləndirilməsi, maddi-texniki bazanın genişləndirilməsi və yenilənməsi, qarşılıqlı faydalı əməkdaşlıqların inkişaf etdirilməsi prioritet fəaliyyət istiqamətlərini təşkil edir.

Son dövrdə MDU-nun imicinin yüksəldilməsi və modernləşməsi istiqamətində görülən işlər öz təzahürünü cari tədris ili üçün universitetin bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulunda, eyni zamanda yüksək balla qəbul olanların sayında artımın müşahidə edilməsində də tapmışdır. Belə ki, ötən tədris ili ilə müqayisədə 2022/2023-cü tədris ili üçün MDU-ya tələbə qəbulu 30 faiz, 500-dən yuxarı balla qəbul olanların sayı isə 27 faiz artmışdır.

Dövlətin hərtərəfli dəstəyi ilə hazırda universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində müvafiq işlər davam etdirilir. Yaxın gələcəkdə modern infrastruktura malik yeni kampusun istifadəyə verilməsi MDU-nun qarşıya qoyduğu strateji hədəflərə doğru sürətlə irəliləməsinə geniş imkanlar yaradacaqdır.

Tədrisin təşkili və keyfiyyət təminatı

Hesabat dövründə MDU-da tədris və təlim-tərbiyə prosesi mövcud qanunvericiliyin tələbləri, o cümlədən Nazirlər Kabinetinin müvafiq Qərarları, Elm və Təhsil Nazirliyinin aidiyyəti əmrləri və təlimatları, eləcə də bu dövlət sənədlərinin əsasında universitetin Elmi Şurası tərəfindən qəbul edilmiş qaydalar nəzərə alınmaqla ənənəvi formada həyata keçirilmişdir.

Pandemiyanın zəifləməsi fonunda ənənəvi təhsilin keyfiyyətli səviyyədə bərpası, uzunmüddətli fasilədən sonra tələbə və müəllim heyətinin mövcud şəraitə çevik uyğunlaşmasının təmin edilməsi, əsas akademik göstəricilərin daha da yaxşılaşdırılması, biliklərin optimal qiymətləndirilməsi mexanizminin tətbiqinə nail olunması qarşıya qoyulan əsas vəzifələrdən olmuşdur. Eyni zamanda, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə dərs prosesində müasir təhsil texnologiyalarının tətbiq edilməsi və akademik heyətin bacarıqlarının artırılması əsas prioritetlər sırasında yer almış, tədrisin tələbə mərkəzli, nəticəyönümlü və səriştə əsaslı olması istiqamətində davamlı addımlar atılmışdır.

Mövcud imkanların və kadr potensialının səfərbər olunması, ötən dövr ərzində əldə edilmiş müsbət təcrübələr və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş çevik tədbirlər sayəsində MDU hesabat dövründə də tədrisin səmərəli təşkili ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələ bilmiş, tələbə və müəllimlərin yüksək məmnunluğuna nail olmuşdur. MDU-da akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar ilə ənənəvi olaraq silsiləvi görüşlərin keçirilməsi və digər çevik kommunikasiya alətlərinin tətbiqi cari tədris ilinin payız semestri və qış imtahan sessiyasına hazırlıq səviyyəsinin, eləcə də bütövlükdə tədris prosesinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynamışdır.

MDU-da cari imtahan sessiyası Azərbaycan Respublikasının elm və təhsil nazirinin “2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16 dekabr 2022-ci il tarixli əmrinin tələbləri və buna uyğun olaraq universitet rektorunun müvafiq əmri ilə təsdiq edilmiş qaydalar əsasında şifahi formada təşkil olunmuşdur. İmtahanların şəffaf, obyektiv və mütəşəkkil keçirilməsi məqsədilə MDU-da hər bir struktur bölməyə konkret tapşırıqlar verilmiş, dəqiq funksional iş bölgüsü aparılmış və digər bütün zəruri addımlar atılmışdır. İmtahan sessiyasında 3500-ə yaxın tələbə və magistrantın 1000-dən çox imtahanda iştirakı gözlənilir. Mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının tələbələrə çatdırılması imtahan nəticələrinin daha da yaxşılaşmasına hədəflənmişdir.

Aparılan sorğular zamanı, MDU-da 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili məqsədilə həyata keçirilən sistemli və kompleks tədbirlər tələbə və müəllim kollektivi, eləcə də valideynlər və şəhər ictimaiyyəti nümayəndələri tərəfindən müsbət qiymətləndirilmiş və bununla bağlı onların fikir və rəyləri diqqətdə saxlanılmışdır.

Hesabat dövründə MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq laboratoriyaların və digər zəruri infrastrukturun yaradılması işləri uğurla davam etdirilmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayında universitetdə Energetika laboratoriyası istifadəyə verilmişdir. Energetika sahəsində təhsil və tədqiqatların inkişafına hədəflənən laboratoriyanın müvafiq cihaz və avadanlıqlarla təchiz olunmasında “Azərbaycan İES” MMC, Mingəçevir SES Silsiləsi və Mingəçevir REŞ mühüm rol oynamışdır. Eləcə də, layihənin ərsəyə gəlməsində ötən tədris ili ərzində MDU-da fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin iki professoru fəal iştirak etmişdir. Hazırda mühəndislik sahəsində bir çox fənlərin tədrisinin həyata keçirildiyi sözügedən laboratoriya tələbələrin praktiki bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır.

Bunlarla yanaşı, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq çərçivəsində MDU-nun akademik və inzibati heyət üzvlərinin yeni akkreditasiya qaydaları, sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi barədə maarifləndirici seminarlara cəlb, təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müvafiq beynəlxalq konfrans və praktiki təlimlərdə iştirakının təmin edilməsi universitetdə ali təhsilin keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsinə hədəflənmişdir.

Elmi fəaliyyətdə prioritetlər və müsbət dinamika

Son dövrdə MDU-da elmi potensialın inkişaf etdirilməsi sahəsində görülən işlər müsbət dinamik dəyişikliklərə səbəb olmuşdur. Akademik heyətin tədqiqat bacarıqlarının artırılması, ölkənin və regionun dayanıqlı inkişafına töhfə verən, səmərəli və nəticəyönümlü elmi tədqiqatların həyata keçirilməsi, tələbələrin tədqiqat və innovasiya fəaliyyətlərinə cəlb edilməsinin təşviqi universitetdə elmi fəaliyyətin başlıca prioritetlərindən olmuşdur.

Hesabat dövründə universitetdə beşillik elmi-tədqiqat işlərinin təsdiq edilmiş planı çərçivəsində dörd elm sahəsi üzrə (təbiət elmləri, texniki elmlər, ictimai elmlər, humanitar elmlər) ümumilikdə 16 problemi və 43 mövzunu əhatə edən müvafiq tədqiqatların aparılması davam etdirilmişdir.

Elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsi, nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artması ilə nəticələnmişdir. Ötən il ərzində MDU əməkdaşlarının 92-si Azərbaycanda, 58-i xaricdə olmaqla, ümumilikdə 150 məqaləsi dərc olunmuşdur. O cümlədən, 5 məqalə Web of Science bazasında, 3 məqalə isə Scopus bazasında indekslənən elmi nəşrlərdə çap edilmişdir. Nəticədə, MDU üzrə Web of Science bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrin 1991-2022-ci illər üzrə ümumi sayı 31-ə, Scopus bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrin ümumi sayı 13-ə çatmışdır. Müqayisə üçün qeyd edək ki, bu məqalələrin müvafiq olaraq 74%-i (23 məqalə) və 85%-i (11 məqalə) 2019-2022-ci illərin payına düşmüşdür.

Hesabat dövründə MDU-nun “Dayanıqlı inkişaf” elmi jurnalının II cildinin birinci və ikinci nömrələri olmaqla növbəti iki buraxılışı işıq üzü görmüş və elektron variantda universitetin rəsmi saytında yerləşdirilmişdir. Jurnalda MDU ilə yanaşı, ölkənin bir sıra elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərən alim və gənc tədqiqatçıların dayanıqlı inkişafın müxtəlif aspektlərinə həsr olunan məqalələri dərc edilmişdir.

MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilmişdir. Hazırda universitetin 32 əməkdaşı fəlsəfə doktoru proqramı, 5 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında dissertant və doktorantdırlar. Ötən il ərzində universitetin 5 əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmiş, 12 nəfər doktorant və dissertant dissertasiya işlərini başa vurmuş və müdafiə ərəfəsindədir. Bundan əlavə, MDU-nun 1 əməkdaşı və 1 məzunu Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorantura təhsillərini davam etdirirlər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə prioritet əhəmiyyət verən MDU-da 2022-ci ilin dekabrın 12-də YAP Mingəçevir şəhər təşkilatı ilə birgə Ulu Öndərin anım gününə həsr olunan “Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının banisidir” mövzusunda elmi konfrans keçirilmişdir. Ümumilikdə, ötən il ərzində 3 elmi konfrans, 1 elmi seminar və 3 mühazirə olmaqla universitetdə Ümummilli Liderə həsr edilən 7 elmi tədbir təşkil edilmişdir. 2022-ci ilin may ayında “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda MDU-da keçirilən elmi-nəzəri konfransın materialları hesabat dövründə kitab şəklində çap edilmişdir. Kitabda respublikamızın 22 ali təhsil müəssisəsi və elmi-tədqiqat institutundan dahi şəxsiyyətin zəngin, titanik və çoxşaxəli fəaliyyətinin elmi təhlilini əks etdirən 116 məqalə və tezis yer almışdır. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq MDU-da təsdiq edilmiş Tədbirlər Planında müxtəlif formatlı elmi tədbirlər və çoxşaxəli fəaliyyətlər ehtiva olunmuşdur.

Hesabat dövründə Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə MDU-da silsiləvi elmi konfranslar keçirilmişdir. Cari payız semestri ərzində “Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş ümumxalq Zəfəri” və “Müzəffər Ali Baş Komandan: Qalib lider” mövzularında 2 konfrans, “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının zəfər tarixidir” mövzusunda mühazirə, Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin KTO Karatay Universiteti və İstanbul Gedik Universiteti ilə birlikdə tarixi Zəfərə həsr olunan 2 elmi tədbir böyük maraqla qarşılanmışdır. Bununla yanaşı, “Şuşa İli” çərçivəsində “Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir” mövzusunda konfrans, “Tarixin, mədəniyyətin, qəhrəmanlığın, zəfərin simvolu - Şuşa!” mövzusunda “dəyirmi masa” və Ankara Hacı Bayram Veli Universiteti ilə birgə elmi konfrans təşkil edilmişdir.

2022-ci ilin noyabr-dekabr aylarında “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində Türkiyənin Qazi Universiteti ilə birlikdə “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda tələbələrin elmi-praktiki seminarı, Azərbaycan Texniki Universiteti və Qazi Universiteti ilə birlikdə “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

2022-ci ilin 16-17 dekabr tarixlərində MDU-da Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransa (ISCERA 2022) həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilmişdir.

Habelə, cəmiyyətin aktual problemlərinə və əlamətdar tarixi günlərə həsr olunan, o cümlədən Anım Günü, Müstəqilliyin Bərpası Günü, Konstitusiya Günü, Energetiklər Günü, Mingəçevir şəhərinin 74 illiyi, İrəvan Müəllimlər Seminariyasının 140 illiyi və Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilmişdir. Bundan əlavə, MDU əməkdaşları tərəfdaş yerli və xarici universitetlərdə təşkil edilən beynəlxalq elmi konfranslarda fəal təmsil olunmuşdurlar.

(ardı var)

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

Xəbər lenti