Logo

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib

13.01.2023 17:16 397 baxış
IMG

13 yanvar 2023-cü il tarixindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 49 dövlət orqanında 237 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən  13 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (29 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (26 vəzifə) və Gəncə Şəhər Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub. 

Ümumilikdə, müsahibəyə çıxarılmış 237 vakant inzibati vəzifənin 4-ü AB, 11-i AC, 59-u BA, 163-ü isə BB vəzifə qrupuna aiddir.

Eyni zamanda bildiririk ki, qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası müəyyən edir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında müəyyən edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmamışdır. Dövlət İmtahan Mərkəzi 2019-cu ilin mart ayından ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və həmin ilin 1 aprel tarixindən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilməsinə başlanılmışdır. Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur. Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadək, qəpik hissə ilə bağlı olan ödənişlərin tam ədədə qədər azaldılması qərara alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği aşağıdakı kimi müəyyən edilmişdir:

 

Xidmətlərin adı

 

Ölçü vahidi

Tariflər (manat)

Müsabiqənin test mərhələsi

Müsabiqənin müsahibə mərhələsi

1

A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə

1.1.

AB qrupu üzrə

1 iştirak üçün

118

59

1.2.

AC qrupu üzrə

1 iştirak üçün

106

53

2

B növü - inzibati icraçı vəzifələr üzrə

2.1.

BA qrupu üzrə

1 iştirak üçün

94

47

2.2.

BB qrupu üzrə

1 iştirak üçün

82

41

Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Qeyd olunanlara əsasən bildiririk ki, namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Xəbər lenti