Müasir dünya kinosunun vacib isimlərindən biri Aki Kaurismyaki 1957-ci il aprel ayının 4-də Finlandiyanın Orimattila şəhərində anadan olub. Dörd uşaq atası Yorma Kaurismyaki bizneslə məşğul olduğundan vaxtının çoxunu yollarda keçirib. Anası Leena isə turist bürosunda işləyib. Bu səbəbdən ailə çox nadir hallarda bir yerə yığışa bilib. Bir müddət sonra ailə Laxti, oradan isə Toyyala şəhərinə köçməli olur.
Uşaqlıq illərindən Akinin ən sevimli məşğuliyyəti kitab oxumaq olub. Onun kitabla tanışlığı isə dörd yaşından başlayır. Məktəb illərində bu istək o qədər güclənir ki, Aki hətta kitab oxumağa vaxtı olsun deyə çox vaxt dərs buraxmalı olur.
1973-cü ildə o, Kankaanpyaya şəhərindəki orta məktəbi bitirir. Məktəbdən sonra Aki ciddi şəkildə kino ilə maraqlanmağa başlayır və ən yaxşı filmlər göstərilən kinoklubların aktiv üzvünə çevrilir. O, gün ərzində beş, altı film izləyir. Ən çox da Jan Lyuk Qodarın, Luis Bunuelin, Yasudziro Odzunun, Robert Bressonun yaradıcılığından təsirlənir.
Kinoya olan sevgisinə baxmayaraq kino məktəbinə daxil olmağa müvəffəq olmur. Əvəzində isə Tampre universitetinin jurnalistika fakültəsinə qəbul olunur. İki ildən sonra isə universiteti yarımçıq tərk edir.
Gənclik illərində Aki dolanışıq üçün jurnalist, yükdaşıyan, tikintidə fəhlə, poçtalyon, ofisant, qabyuyan kimi işlərdə işləməli olur.
1981-ci ildə o, Münhendəki kino məktəbi bitirən böyük qardaşı Miki ilə film şirkətini yaradırlar. Şirkətin adını Qodarın “Alfavil” filminin şərəfinə “Villealllfa” adlandırırlar.
80-ci illərin başlanğıcında Aki qardaşının Mikinin “Yalançı” və “Faydasızlar” adlı iki filminə ssenari yazır. O, hər iki filmdə aktyor kimi də iştirak edir.
Rejissorun özünün debütü Fyodor Dostoyevskinin eyni adlı romanı əsasında 1983-cü ildə çəkilən “Cinayət və cəza” filmi oldu.
Hadisələr Helsinkidə baş verir. Nişanlısını avtomobil qəzasında itirdikdən sonra hüquq fakültəsinin tələbəsi universiteti ataraq qəssab işləməyə başlayır. Daha sonra isə o, qəzaya səbəb olan şəxsi öldürür. Kaurismyaki ilk filmi haqda özü belə deyir:
“İlk filmim üçün dünyanın ən yaxşı romanını seçdim və onu tamamilə korladım”.
İlk müəllif filmi rejissora Finlandiyada böyük uğur gətirir. Kinotənqidçilər və tamaşaçılar gənc rejissorun növbəti ekran işini səbirsizliklə gözləməyə başlayırlar. Növbəti dəfə Aki yenidən hamını təəccübləndirir. 1985-ci ildə o, absurd faciə komediya janrında “Kalmari ittifaqı” filmini ekranlaşdırır. 1987-ci ildə Aki yenidən ədəbi adabtasiyayya qayıdış edərək “Hamlet dünya biznesində” filmini çəkir.
Film atasının ölümündən sonra əmisi tərəfindən idarə olunan şirkətin ortaqlarından biri olan Hamlet adlı adamdan bəhs edir. Hamlet bir çox məsələlərdə əmisinə qarşıdı. Üstəlik atasının ölümü də onun üçün şübhəlidi. Şeksprin “Hamlet” əsərinin fərqli kino yozumu tamaşaçını xeyli təəccübbləndirir.
1986-cı ildə rejissor proletar trilogiyasının ilk art-house filmi “Cənnətdəki gölgələr”i ekranlaşdırır. Qara yumor janrında olan ekran işi fin reallığı haqdadı.
Trilogiyaya daxil olan ikinci film “Ariel” 1988-ci ildə çəkilir. Burada işsiz şaxtaçının həyatından bəhs olunur.
Trilogiyanın sonuncu “Kibrit fabrikində işləyən qız” filmi Andersonun “Kibritsatan satan qız” nağılının motivləri əsasında çəkilib. Gənc qız İris işdə də, ailədə də sevgisizliklə əhatə olunub, diskriminasiyaya məruz qalır. Atalığını və anasını, daha sonra sevgilisini də qətlə yetirir. Rejissor kapitalizmin insanı əşyaya çevirməsini göstərir.
Tənqidçilər Kaurimyakinin filmlərini əsasən üç istiqamətdə təhlil edirlər. İlk sırada klassiklərin əsərlərinin özünə xas yozumla ekranlaşması, komediya janrında yol hekayətləri və proletar portretlər.
Kaurismyaki filmlərində çox zaman eyni aktyorlarla işləməyə üstünlük verib. Onu dəyişilməz qadın aktrisası Kati Outinen, aktyoru isə Matti Pellonpiyaya olub. İkinci, üçüncü dərəcəli aktyorlara da o, mütləq şəkildə digər filmlərində fərqli rollar həvalə edib.
1996-cı ildə rejissor növbəti “Finlandiya” triologiyasının əsasını qoyur. “Sürünən buludlar” triologiyanın ilk film hesab olunur.
Ər və arvad sakit amma boz və yorucu həyat yaşayırlar. Kişi qatar sürücüsü, qadın isə restoranda baş qarson işləyir. Lakin iş elə gətirir ki, kişi işdən çıxarılır eyni vaxtda da qadın işləyən restoran iflasa uğrayıb bağlanır. Cütlük işsizlər üçün sosial müdafiə fonduna müraciət etməyi özlərinə sığışdırmırlar. Ancaq iş tapmaq da onlar üçün müşkülə çevrilir. Nəhayət günlərin birində qadın keçmiş müdiri ilə rastlaşır və həyatında yeni dəyişiklər başlanır.
Aki bu filmi həmin filmin çəkilişlərindən iki həftə sonra ürək tutmasından dünyasını dəyişən 44 yaşlı aktyor Matti Pellonpyaya həsr edir. Filmin ilk ssenarisi “Cənnətdəki kölgələr” filminin davamı kimi nəzərdə tutulur. Matti də həmin filmdə hansısa maraqlı obrazı canlandırmaq üçün hazırlaşır. Ancaq aktyorun ölümündən sonra rejissor bütün ssenarini dəyişmək məcburiyyətində qalır.
Filmdə İlonanın kədərlə baxdığı uşaq fotosu isə Mattinin uşaqlıq şəkli olur. Bununla da rejissor sevimli aktyoruna olan hörmətini izhar edir.
Triologiyanın ikinci filmi Aki Kaurismyaki yaradıcılğının şah əsəri hesab olan, ona bir çox nüfuzlu mükafatlar qazandıran “Keçmişi olmayan adam” filmidir. Film 2002-ci ildə ekranlaşdırılır.
Finlandiyanın əyalətində yaşayan işsiz kişi Helsinkiyə iş axtarmaq üçün gəlir. Vağzalda naməlum adamlar onu döyür. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan kişi yaddaşını itirir. Adını, kim olduğunu, hardan gəldiyini bilməyən adam sənədləri olmadığı üçün bütün iş və işçi büroları tərəfindən rədd edilir. Bundan sonra o, Qurtuluş ordusunda işləməyə İrma adlı qadına kömək etməyə başlayır. İrmdan xoşu gəlsə də, ona qarşı soyuq davranır. Ancaq günlər keçdikcə onların münasibəti möhkəmlənir. Lakin,həmin adam bir gün keçmişi ilə üzləşmək məcburiyyətində qalır.
Filmdə aşağı təbəqədən olan insanların çəkdiyi sıxıntılar, cibində pulu, yüksək vəzifəli adamı və təhsili olmayan adama qarşı qoyulan bürokratik əməllər film boyu davam edir və daha gülməli hal alır.
Bu filmində də, Kaurismyaki minimalizmə baş vurur. Aktyorlar az danışır, az hərəkət edir. Günəşin batışı və doğumu zamanı çəkilmiş xeyli kadrlarda işığın fərqli rənglərlə əks olunduğunu görürük. Kamera olduqca durğun hərəkət edir.
Kaurismyakinin incə yumoru Cim Carmuşun filmlərini xatırladır. Carmuş “Yer üzündəki gecə” filminin Helsinkidə çəkilən bölümünə Kaurismyakinin aktyorlarını dəvət edib.
“Keçmişi olmayan adam” 2002-ci ildə Kaan film festivalında “Qızıl palma budağına” layiq görülüb. Aktrisa Kati Outinen isə ən yaxşı qadın roluna görə “Qran-pri” mükafatı qazanır. 2003-cü ildə film “Oskar”a nominant olanda rejissor Amerikanın İraqa müharibə etməsinə etiraz edərək Los-Ancelesə getməyib.
Triologiyanın sonuncu filmi “Şəhər ətrafı işıqlar” psixoloji dramının adı Çarli Çaplin “Böyük şəhərin işıqları” filminə göndərişdir. Çaplinin ekran əsəri insan xeyirxahlığı haqda melodramdırsa, Kaurismyakidə insan tənhalığının faciəsidir.
Qapalı həyat keçirən Koystinen böyük dükanda gözətçi işləyir. Günlərin birində rastlaşdığı qadının tələsinə düşür. O, qadını sevir, qadın isə daha böyük tapşırıqları yerinə yetirmək üçün istifadə olunan icraçıdı. Günlərin birində qadın onun qəhvəsinə yuxu dərmanı qarışıdırır və mağazanın açarlarını, kodu götürüb öz ortaqlarına verir. Mağaza qarət olunur, oğlan azadlıqdan məhrum edilir. Həbsə düşən Koystinen heç kəsi satmır. Sübut tapılmadığı üçün azadlığa buraxılan qəhrəmanı finalda cinayətkarlar amansızca döysə də onun ölüb-ölmədiyini tamaşaçı üçün qətiləşmir.
Kaurismyakinin kinoda özünə xas üslubu olsa da təsirləndiyi rejissorlara bənzərliyi hiss olunur. Alman kinosunun seçilir isimlərindən olan Fassbinder kimi o da daha çox parlaq qırmızı, yaşıl rənglərdən istifadə edir. Obrazlar soyuq, susqun və çox vaxt laqeyddilər.
Məişətdəki insanları, onların həyatında baş verənləri kinoya daşıyan rejissorun obrazları bəzən çox qəddar olurlar. Heç bir vicdan əzabı çəkmədən işçi işdən qovulur, ayaqqabı təmizləyən bahalı ayaqqabı mağazasının qarşısında təhqir edilir, insanlar aldadılaraq qarət olunur, döyülür. Ən adi və alçaldıcı iş belə ehtiyacı olan adamlara böyük minnətlə təqdim olunur. Bir sözlə Akinin yaradıcılığının əsasını insan və onun gündəlik yaşantılarının fonunda keçirdiyi daxili çəkişmələr və ağrılardı. Ancaq rejissor bunu çox soyuq və amansız kino dili ilə təqdim etməyə üstünlük verir. Baş verən hadisələrin fonunda rejissor cəmiyyətin eybəcərliklərini göstərmək üçün bütün yaradıcı imkanlarını səfərbər edir.
Film 2011-ci ildə “Havr” adlı filmini ekranlaşdırırlır. Oskara nominant olan bu ekran əsərində ayaqqabı təmizləyən keçmiş yazıçı Afrikadan mühacirət edən bir yeniyetməyə kömək etməsindən bəhs olunur.
Kaurismyakinin son filmi 2017-ci ildə çəkdiyi “Ümidin digər tərəfində” adlı filmidi. Bu film 2017-ci ildə Berlin Film Festivalında “Qızıl ayı” mükatına layiq görülür.
Etirazları ilə məşhur olan rejissor həmkarı İran kinomatoqrafiyasının parlaq imzası Abbas Kiarostaminin Amerika Birləşmiş ştatlarına buraxılmamasına etiraz əlaməti olaraq Nyu-York film festivalına qatılmaqdan imtina edərək deyir:
“Dərin bir kədərlə, həmkarım və dünyanın ən barış sevər insanlarından biri olan Abbas Kiarostaminin bir İran vətəndaşı olaraq özünə ABŞ vizası ala bilməməsi səbəbi ilə Nyu York film festivalına qatılmasına maneə törədildiyi xəbərini aldım. Mən də dünyanın ən yaxşılarından olan bu festivala dəvət edilmişdim. Lakin bu şərtlər altında orda iştirak etməkdən imtina edirəm. İndiki ABŞ hökuməti bir iranlını istəmirsə, bir finlini heç istəməz. Üstəlik bizim neftimiz belə yoxdur."
Samirə Əşrəf