Logo

"Qərbi Azərbaycana qayıdış Vətən müharibəsindəki tarixi zəfərin davamı olacaq"

15.01.2023 12:19 297 baxış
IMG

Azərbaycanın II Qarabağ müharibəsindəki parlaq qələbəsi regionda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlardan biri isə, son 200 il ərzində ilk dəfə olaraq itirilmiş torpağımızın qaytarılması uğrunda atılan addımlar oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarını erməni işğalından azad etdi.

Bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Ölkəmiz son iki ildə həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində istədiyinə nail olub.

Yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Ölkə başçısı cənab İlham Əliyev diqqətə çatdırdığı fikirləri ilə həm ötən ilin uğurlarını dəyərləndirdi, həm də qarşıdakı prioritetləri göstərdi. Hazırda regionun ən sürətlə inkişaf edən qüdrətli dövləti olan Azərbaycan ötən illər ərzində bölgələrinin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri ilə hər bir ölkə üçün nümunədir. Ölkənin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunacaq. Müsahibədə ölkənin iqtisadi inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, beynəlxalq aləmlə əməkdaşlıqda yeni prioritetlər, xarici siyasətin mühüm istiqamətləri, ordu quruculuğu və sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar, Ermənistanın həmin reallıqlara düzəliş etmək cəhdləri və bir çox digər məsələlər öz əksini tapdı.

Müsahibə zamanı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı aparılan gemişmiqyaslı bərpa işlərinə toxunan Ölkə başçısı cənab İlham Əliyev qeyd etmişdir: "İstəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq".

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin, strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizin hər biri, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevriləcək və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar.

İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri görülür, eyni zamanda, Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində böyük əzm və qətiyyət nümayiş etdirir. Ölkə rəhbərinin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Xalqımızın üç əsrdir pozulan hüquqları təmin olunacaq, tarixi ədalət öz yerini tutacaq. Qərbi Azərbaycana qayıdış Vətən müharibəsindəki tarixi zəfərin davamı olacaq.

Könül Həsənova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekan müavini

Xəbər lenti