Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsi elan edir.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, müsabiqə ötən il ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan, nüfuzlu jurnallarda dərc edilən elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-siyasi həyatında elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədilə keçirilir.
Müsabiqədə qaliblər 2 nominasiya üzrə - dəqiq və təbiət elmləri və humanitar və ictimai elmlər üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər. Birinci yerin qalibinə 350, ikinci yerin qalibinə 250, üçüncü yerin qalibinə 150 manat veriləcək.
Müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi şurasının nəzdindəki Elm komissiyası tərəfindən qiymətləndiriləcək.
Sənədlər yanvarın 25-dək qəbul olunur.
Müsabiqədə ADPU və onun filiallarında fəaliyyət göstərən 40 yaşına qədər şəxslər iştirak edə bilərlər.