Logo

"Azərbaycanda idman prioritet sahədir"

16.01.2023 09:57 459 baxış
IMG

"İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır". Ümummilli Lider Heydər Əliyev

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkə başçımız 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə çıxış edərkən Azərbaycanda idmanın prioritet sahə olduğuna duqqəti yönəldərək söyləmişdir ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.

Ölkə rəhbəri tarixi zəfərin qazanılmasında, gəncliyin həyatında idmanın müstəsna rolunu vurğulayaraq bildirmişdir ki, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib.

Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

Prezident İlham Əliyev mötəbər toplantıda Azərbaycanın gələcək idman uğurlarının astanasında olduğuna əminliyini ifadə edərək nəzərə çatdırdı ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin. Ölkə rəhbəri qeyd etdi ki, gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir.

Əminik ki, ölkəmizin bölgələrində keçirilən çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq və Azərbaycanın dünya arenasında  gün- gündən artan nüfuzuna bütün sahələrdə olduğu kimi, idmanda da yeni- yeni qələbələr əlavə olunacaq.

Zeynalova Ülviyyə
Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə İsmayıllı Rayon Təhsil Sektorunun metodisti

Xəbər lenti