Logo

"Ölkə başçısının BƏƏ-yə işgüzar səfəri qarşılıqlı əlaqələrə böyük töhfə verəcək"

18.01.2023 13:32 282 baxış
IMG

Bu gün Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsini xüsusi vurğulamaq lazımdır. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirmişdir. 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev islam aləminə böyük töhfələr vermişdir. Ulu öndər 1993-cü ildə prezident seçildikdən sonra xarici siyasətdə ərəb və islam ölkələri arasında əlaqələrin qurulmasını prioritet məsələlər sırasına daxil etmiş, onlarla siyasi-diplomatik əlaqələrin qurulması təşəbbüsü ilə çıxış edərək müxtəlif islam qurumları ilə əlaqə kanalları açmışdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir Azərbaycanın qurucusu, bütün səylərini İslam həmrəyliyinə həsr edən ümumilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək islam xalqlarının həmrəyliyinə, onların bir-birinə yaxınlaşmasına xidmət edən mühüm addımlar atmış və ötən dövr ərzində ölkələr arasında siyasi sahədə olduğu kimi, iqtisadi əlaqələr də yüksək səviyyədə inkişaf etdirilmişdir.

Azərbaycanla BƏƏ arasında iqtisadi əməkdaşlığın daha bir nümunəsi enerji sektoru ilə bağlıdır. 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə BƏƏ-nin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələrin imzalanması bunun bariz ifadəsidir. Qeyd edək ki, ilkin hesablamalara əsasən, sözügedən stansiyada il ərzində 500 milyon kVt/st elektrik enerjisinin istehsal olunacağı proqnozlaşdırılıb. Bununla yanaşı ötən il martın 15-də Bakıda “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. 

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə cari ilin yanvar ayının 15-də bu ölkəyə işgüzar səfəri çərçivəsində BƏƏ-də Əbu-Dabi Davamlılıq Həftəsi start götürdü. Rəsmi açılış mərasimində çıxış edən Ölkə rəhbəri qeyd etmişdir: “Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir”.

Əbu-Dabi Dayanıqlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün BƏƏ və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur. Bu tədbir ötən ilin noyabr-dekabr aylarında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) ərəfəsində davamlı inkişafın əsas prioritetlərinə yönəlmiş bir sıra yüksək səviyyəli sessiyaları əhatə edir. Bu xüsusda, Prezident İlham Əliyevin sözügedən tədbirə dəvət alması, qlobal əhəmiyyət kəsb edən istiqamətləri əhatə edən məsələlərlə bağlı nitq söyləməsi, şübhəsiz ki, dövlətimizin başçısına, bütövlükdə isə ölkəmizə olan yüksək etimadlı münasibətin növbəti göstəricisi kimi qiymətləndirilməlidir.

Göründüyü kimi, Ölkə başçısı cənab İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. BƏƏ şirkətlərinin Azərbaycana yatırdıqları investisiyalar artmaqdadır və hazırda iki ölkə arasında yaşıl enerji sahəsində çoxmilyardlı layihələrin həyata keçirilməsi üzərində iş gedir. Qarşılıqlı münasibətlərinin mövcud səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin BƏƏ də daxil olmaqla Ərəb Liqasına üzv ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin müstəsna rolu var. Şübhəsiz ki, ölkə başçısının BƏƏ-yə işgüzar səfəri qarşılıqlı əlaqələrə böyük töhfə verəcək, ölkəmizə sərmayələrin cəlb edilməsi istiqamətində atılan addımları daha da sürətləndirəcəkdir.

Araz Fərəcov
Dosent, ADPU-nun riyaziyyat fakültəsinin dekanı

Xəbər lenti