Logo

Regional İdarədən metodistin ölümü ilə bağlı açıqlama - YENİLƏNİB

18.01.2023 19:48 1220 baxış
IMG

Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz rayon Təhsil Sektorunun metodisti Elçin Abdıyevin ölümü ilə bağlı məlumat yayıb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, Elçin Abdıyevin qəfildən halı pisləşib.

"18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşmiş, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq Elçin Abdıyev dünyasını dəyişmişdir. Uzun illər Tovuz təhsilinə xidmət etmiş Abdıyev Elçin Nadir oğlunun yaxınlarına baş sağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik", - İdarənin məlumatında qeyd olunub.

Qazax-Tovuz Regional Təhsil İdarəsi idarənin müdiri Arslan Hacıyevin bir neçə məktəb direktorunu və Tovuz rayon Təhsil Sektorunun müdirini təhqir etməsi ilə bağlı iddialara da münasibət bildirib. 

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, yayılan məlumatlar şər-böhtan xarakteri daşıyır, qeyd olunanlar həqiqəti əks etdirmir.

19:22

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev bir neçə direktoru otağında təhqir edib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, bundan başqa, idarə müdiri Tovuz rayon Təhsil Sektorunun müdirini təhqir edib və müdirin otağında əlbəyaxa olublar.

Daha bir iddiaya görə, bu gün Arslan Hacıyevin Tovuz rayon Təhsil Sektorunun metodisti Elçin Abdıyevi işdən xaric etdiyi üçün onun qəbuluna səbəbini öyrənməyə gəldikdə etdiyi rəftar ucbatından ailə üzvlərinin verdiyi məlumata görə, otaqda Elçin Abdıyevin ürəyi gedib və dünyasını dəyişib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etsək də, zənglərimizə cavab verən olmadı. Məsələ "Tehsil.biz"in diqqətindədir.

Xəbər lenti