Logo

MDU-da 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan elmi konfrans keçirilib - FOTOLAR

18.01.2023 22:26 375 baxış
IMG

Yanvarın 18-də Mingəçevir Dövlət Universitetində (MDU) Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar həqiqətlərinin ictimaiyyətə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda universitetin akademik və inzibati heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov bildirib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır texnikalardan istifadə edərək Bakıda dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törətdiyi qətliam xalqımızın yaddaşında silinməz izlər buraxıb. Qanlı yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu qeyd edən rektor vurğulayıb ki, o vaxtki ermənipərəst sovet rəhbərliyinin insanlıq əleyhinə bütün cinayətkar cəhdlərinə baxmayaraq, xalqımızın iradəsini sarsıtmaq və azadlıq uğrunda mübarizəsini dayandırmaq mümkün olmadı. Əksinə, coğrafi miqyası daha da genişlənən azadlıq hərəkatı dalğası tezliklə sovet imperiyasının dağılmasına səbəb oldu və ölkəmiz öz müstəqilliyinə qovuşdu.

Tarixin ən ağır və çətin günlərində ulu öndər Heydər Əliyevin hər zaman doğma xalqı ilə həmrəy olduğunu bildirən Ş.Bayramov qeyd edib ki, faciədən dərhal sonra Ümummilli Liderin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək törədilmiş qırğına görə sovet rəhbərliyinə kəskin etirazını bildirməsi və cinayətkarların layiqincə cəzalandırılmasını tələb etməsi dövrün ən cəsarətli addımlarındandır. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi də məhz əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır.

Hazırda Ulu Öndərin müəyyən etdiyi siyasi kursun layiqli şəkildə davam etdirilməsindən bəhs edən rektor, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərdən sonra bütün şəhidlərin ruhunun şad olduğunu vurğulayıb.

Xalqımızın mübarizlik, yenilməzlik və qəhrəmanlıq nümunələrini özündə ehtiva edən 20 yanvar tarixinin mahiyyəti və önəmi barədə gənc nəslin maarifləndirilməsinin zəruriliyini diqqətə çatdıran Ş.Bayramov, bu baxımdan elmi konfransın mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun əməkdaşlarından Mirzə Cavadov “Xalqının faciəsini dünyaya bəyan edən cəsarətli lider”, Anar İsmayılov “20 Yanvar Azərbaycan tarxininin şərəf və qəhrəmanlıq səhifəsidir”, Leyla Babayeva “Müstəqillik yolunun ilk zirvəsi – 1990-cı ilin 20 yanvarı”, Fəxriyyə İsayeva  “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, Sənan Mehdi “Sovet dönəmində Rusiyanın Qafqaz siyasəti” və Minayə Hüseynova “20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında aparılan müzakirələrdən sonra, konfransda 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub.

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən müxtəlif formatlı silsiləvi tədbirlər keçirilir.

Xəbər lenti