Azərbaycan Texnologiya Universitetində 20 Yanvar faciəsinə həsr edilmiş "20 Yanvar hadisələri və Heydər Əliyevin cəsarətli bəyanatı” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir çərçivəsində universitet rəhbərliyi və kollektivi Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət edib. 20 yanvar şəhidlərinin ruhuna dualar oxuyub, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir universitetdə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Qanlı yanvar hadisələrinin tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən, o dövrdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının əzmindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutulmasına, ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqətindən bəhs edib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tədbir iştirakçılarını icra başçısı Niyazi Bayramovun adından salmalayaraq bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Ulu öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini alıb. Ümumilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərir.
Tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib.