Logo

GDU-da Elmi Şuranın növbəti iclası keçirilib

19.01.2023 21:09 332 baxış
IMG

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov Ümumi Riyaziyyat kafedrasının baş müəllimi Vüsalə Qarayevanın, İnformatika və cəbr kafedrasının baş müəllimi Sevinc Orucovanın, Təsviri incəsənət kafedrasının müəllimi Lalə Cahangirovanın və Fizika kafedrasının baş müəllimi Sevinc İmanovanın Fəlsəfə doktoru elmi dərəcələri almaları münasibətilə təbrik edib, diplomları onlara təqdim edib.

Bununla yanaşı rektor Yusif Yusibov Fəlsəfə doktorları olan-Azərbaycan tarixi kafedrasının baş müəllimi Gülarə Əliyevanı, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Səbz Namazovanı və Fransız dili kafedrasının baş müəllimi Aygün Əliyevanı dosent elmi adı almaları münasibətilə təbrik edərək müvafiq diplomu onlara təqdim edib.

Sonra Elmi Şura öz işinə başlayıb. İclası giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi şurada birinci məsələ-2022-2023-cü tədris ilinin payız imtahan sessiyasının gedişi haqqında universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun məruzəsi dinlənilib. Qeyd edilib ki, sessiya dövründə mövcud qanunvericiliyin və Təhsil nazirinin 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb.  Bununla yanaşı, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” təşkil edilib.

Cari tədris ilinin payız semestrində imtahanlar yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilir. Yazılı və qabiliyyət imtahanları II tədris binasında keçirilib, hazırda test imtahanları əsas tədris binasında davam edir. Qiyabi təhsil forması və magistratura səviyyəsi üzrə ixtisaslarda isə yazılı imtahanlar V tədris binasında keçirilir. Xüsusi qabiliyyət tələb edən imtahanlar da davam edir. Pilot layihə olaraq Biologiya müəlimliyi ixtisasında təhsil alan tələbələr ingilis dilində şifahi imtahan verərək yüksək nəticə əldə ediblər.

İmtahanların şəffaf keçirilməsinə ictimai nəzarət təmin edilib. KİV nümayəndələrinin, tələbələrin valideynlərinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Universitetdə mediatur təşkil olunub. İmtahanların gedişatı iştirakçılar tərəfindən əyani olaraq izlənilib.

Elmi Şurada ali təhsildə keyfiyyətin yüksəldilməsinə dair qarşıda duran vəzifələr də müzakirə edilib, bununla bağlı çıxışlar və təkliflər dinlənilib. Qeyd edilib ki, sevindirici haldır ki, Gəncə Dövlət Universitetinin məzunları Müəllimlərin İşə Qəbul (MİQ) imtahanlarında yüksək bal toplayaraq uğurlu nəticələr əldə ediblər.

Elmi şurada Aytən Əhmədovanın Azərbaycan dili kafedrasının, Saida İsmayılzadənin Ümumi tarix kafedrasının, Ülviyyə Bayramovanın Leksika və ölkəşünaslıq kafedrasının boş olan dosent yerinə seçki keçirilib.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Xəbər lenti