Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib, bununla yanaşı, məktəblərdə ilk dərs və məşğələlər 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr edilib.
Tehsil.biz xəbər verir ki, keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açılıb. Ümummili lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsini, Ulu Öndərin qanlı hadisələri tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirməsini, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltməsini, xalqımızın azadlıq və suverenlik uğrunda mübarizliyini əks etdirən şərəfli bir tarixin yaşadılmasının vacibliyi qeyd olunub.
Təhsil müəssisələrində istedadlı şagirdlərin 20 Yanvar faciəsini özündə əks etdirən rəsm sərgiləri nümayiş olunub, şəhidlərə həsr olunan şeirlər və kompozisiyalar təqdim edilib.