Bildiyimiz kimi, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il ötür.
Tehsil.biz xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Şəhid olanlar sırasında 14 yaşlı məktəbli İlqar İbrahimov da olub.
İ.İbrahimov 1976-cı ilin 13 oktyabr tarixində Bakıda anadan olub. Bakıdakı 52 nömrəli məktəbdə birinci sinifə gedib, daha sonra məktəb dəyişərək 167 nömrəli məktəbin 7a sinif şagirdi ikən 20 yanvarın qanlı gecəsində şəhid olub.
İlqarın dostu Pərvizin dediklərinə görə, 20 Yanvar səhəri İlqarın meyitini Semaşko adına xəstəxananın ölüxanasından tapıblar.
İlqar İbrahimov Şəhidlər Xiyabanında dəfn edilib.
Ona Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra “20 Yanvar Şəhidi” fəxri adı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!