Logo

“Əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək“

20.01.2023 17:48 373 baxış
IMG

“20 yanvardan əvvəl və sonra və ya “Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin”

Hər 20 yanvar günü və bu ərəfələrdə sanki, dünən olmuş kimi  90-cı illərin qanlı-qadalı, əzablı-açılı xatirələri gözünün önündə canlanır və  istər-istəməz bir anlığa xəyallara ğapılırsan və öz-özünə belə qənaətə gəlirsən ki,  şairin sözü olmasın, sən demə “Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin”.

Aspirantura illərim idi. O zamankı rubl kursu ilə 100 manat təqaüd alırdım. Əlbəttə bu məbləğ əsas işi elmi araşdırmalardan ibarət olan aspirant üçün o qədər də böyük məbləğ olmasa da, hər halda ali məktəb tələbələri ilə müqayisədə, onların təqaüdündən 2 dəfədən artıq idi. 70-80-cı illərdə tələbələrə 28-35 manat verilirdisə, 90-cı illərdə bu məbləğ 40-45 manata çatdırılmışdı. Bir də ki, aspirantların böyük əksəriyyəti kimi mən də ailə qayğıları ilə yaşayır, kirayə haqqı ödəyirdim.

Mənim mövqeyim çətinlik baxımından digər həmkarlarımdan bir az da fərqli idi. Dissertasiya mövzumun Ümumittifaq xarakteri daşıması, elmi rəhbərimin Moskvada olması, tez-tez işgüzar səfərlərə çıxmağımı, ucsuz-bucaqsız bir ölkənin ayrı-ayrı şəhərlərində keçirilən konkurs və konfranslarda iştirakımı zəruri edirdi. Düzdür, ezamiyyə xərcləri bütünlüklə dövlətin vəsaiti hesabına ödənilirdi, lakin bu ödənişi səfərdən qayıtdıqdan sonra alırdıq.

Tədqiqat işimlə bağlı elmi araşdırmalarım vaxtaşırı Respublika və Ümumittifaq mətbuatında dərc olunurdu. O zamanlar yazının həcmindən asılı olaraq, hər bir çap olunan məqaləyə görə müəllifə qonarar verilirdi. Həmin qonararın məbləği xüsusi qəbz formasında məqalə müəllifinin istəyinə əsasən ev, yaxud da iş ünvanına göndərilirdi. 1 çap vərəqi (25 səhifə) tərcümə üçün isə 40 manat ödənilirdi. Beləliklə məqalə və tərcümələrim də aldığım təqaüdə əlavə olunmaqla aylıq qazancım 200, bəzən isə 250-300 rubla çatırdı. O zamankı “Bilik Cəmiyyəti”nin xətti ilə ayda, bəzən iki aydan bir yerlərdə mühazirə oxumağa da cəlb olunurdum. Oxuduğum hər bir mühazirəyə görə də 40-60 rubl arası pul alırdım.

Aldığım qonararın böyük hissəsi əsasən elmi-metodik nəşrlər, müxtəlif ensiklopediyalar, məlumat-soraq xarakterli kitabların alınmasına sərf olunurdu. Düzdür, bu qəbildən olan kitablarla müxtəlif fundamental kitabxanalarda da tanış olmaq olardı. Bununla belə özünün şəxsi kitabxanasına malik olmaq o vaxtlar üçün ayrıca xobbi və xüsusi dəb idi. Müxtəlif səbəblərlə əlaqədar yaxın dostuna, digər tanış-bilişinə nadir kitab nüsxələrin bağışlamaq da ənənə halını almışdı. Bir də ki, özünə məxsus kitabda müxtəlif qeydlər, istədiyin “qaralamalar” edə bilərdin.

Namizədlik minimumlarını müvəffəqiyyətlə veib, dissertasiya işini vaxtından əvvəl tamamlayaraq paytaxt Moskva şəhərinə yola düşdüm. Sanki, bəxtimdən imiş kimi, elə bu arada Leonid Brejnevin ölüm xəbəri yayıldı. Ölkə üzrə matəm elan olundu, bütün tədbirlər təxirə salındı.Yeganə çarəm onun cənazə törəninə qatılmağım oldu. Səhərisi gün Akademiyaya getdim. Aldığım xəbər məni üzdü. Ən azı bir il gözləməli idim. Belə məlum oldu ki, dissertyasiy işimdə istifadə olunan Leonid Breynevin “Kiçik torpaq”, “Dirçəliş” və “Xam torpaq” trilogiyasından istifadə olunmuş bütün sitatlar çıxarılmalı, ölkənin yeni rəhbərinin götürdüyü kursa müvafiq yenilənməlidir.

Paytaxta  sonrakı gedişim də eynilə uğursuz alındı. Həmin ərəfədə ölkənin digər rəhbəri – Yuri Andropov dünyasını dəyişdi. Yenə həmin senari təkrar olundu. Üçüncü cəhdimdə Konstantin Çernenko öldü. Ümidim dördüncü cəhdə idi. Əvvəlki sələflərindən fərqli olaraq Mixaıil Qorbaçovun tezliklə öləcəyi o qədər də real görünmürdü. Lakin mən artıq adminstrativ işə təyin olunmuşdum. Növbəti səfər barədə düşünməyinə belə dəyməzdi, buna heç imkan da yox idi. Bu yandan da Qarabağ münaqişəsi, ölkədə yaranan siyasi durum, “20 yanvar” hadisələri…

32 yaşım vardı. Məni Bakının mərkəzi rayonlarından birinə, o zamanlar Maarif şöbəsi adlandırılan Təhsil şöbəsinə müdir vəzifəsinə məsləhət bilmişdilər. Raykomun bürosunun qərarı, Rayispolkomun sessiyasının təsdiqi, Qorkom və Mərkəzi Komitənin Elm və Tədris müəssisələri şöbəsində söhbətdən keçmək və yadımda tam dəqiqliklə qalmayan bir sıra prosedurlardan sonra nəhayət Nazir tərəfindən əmrim verildi. Bəri başdan deyim ki, 4 illik bir dövrü əhatə edən bu postda 4 nazir, 4 nəfər I katiblə – hələ digər yuxarı eşelonda olan vəzifəliləri demirəm – işləməli oldum.

Açığı, mənim üçün bu təyinat gözlənilməz olsa da, bu vəzifəni daşımağa hazır olduğuma hər cür əsas var idi. Təyinatla kənd müəllimliyindən tutmuş, məktəb idarəetməsinin bütün pillələrini keçmişdim. Ali ixtisas təhsilindən savayı, aspiranturada Pedaqoji sahə üzrə akademik təhsil belə almışdım. 50–dən artıq Ümumittifaq miqyaslı elmi-praktik konfranslarda təhsilin problemləri ilə bağlı məruzələr etmiş, tezizlərim ölkənin bir çox nüfuzlu jurnallarında dərc olunmuşdu. Azərbaycan ETPEİ də işlədiyim illər ərzində MK və Nazirlər Kabinetinin xətti ilə Respublikanın əksər rayonlarında yoxlamalarda olmuşdum. Bir sözlə, regional təhsilin incəliklərinə belə kifayət qədər bələdçiliyim var idi.

Böyük arzu və ümidlərlə işə başladım. Elmi Tədqiqat Pedaqoji Elmılər institututunda qazandığım təcrübə və apardığım tədqiqatlara əsaslanaraq, təhsildə ilklərə imza atmağı qarşıma məqsəd qoymuşdum. Ancaq nə fayda, “sən saydığını say, gör fələk nə sayır” el məsəli sanki, məni gözləyirmiş kimi bütün planlarımı pozdu. Məlum hadisələr başladı. Vətəndən didərgin düşmüş həmvətənlərimizi işlə təmin etmək, şəhərdə hələ də çoxluq təşkil edən mənfur düşmənlərimizin provokatorluq cəhdlərinin qarşısını almaq bütün vaxtımızı alırdı. Komendant saatının tətbiqi, daha sonra meydan hərəkatı gərginliyi pik həddə çatdırmışdı. Çox halda elə iş otağındaca gecələməli olurduq.

Günümüz bürolarda, partaktivlərdə keçirdi. Erməni millətindən olan neçə müəllimin və şagirdin məktəbi tərk etməsi barədə gündəlik hesabat verməli idik. Bir gün erməni millətindən olan müəllim və şagirdin rayonu tərk edənlər üzrə göstəricilərimiz yüksək olduğundan, Qorkomun bürosunun qərarı ilə mənə hətta o zamanlar üçün ən ağır cəza – partiya şəxsi uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət elan edildi. Bir müddət sonra isə hərbi komendantlıq tərəfindən həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldım. Bunu millətlər arasında nifaq salmağa cəhd kimi protokollaşdırmışdılar.

Belə ki, hadisələrin ən qızğın çağında xidməti iş otağında növbəti qəbul keçirərkən, erməni millətindən olan bir qadın növbəsiz – filansız, salamsız-kəlamsız kabinetə daxil olaraq, hikkəli bir tərzdə onun dərs saatlarının azlığı ilə bağlı problemini təcili həll etməyimi tələb etdi. Vəziyyəti həddən artıq gərginləşdirməmək üçün, məktəb direktoruna zəng etməli oldum və məlum oldu ki, mümkün olan dərslərdən 22 saatı bu dul qadına, 24 saatı isə öhdəsində 7 uşağı olan bir kişi müəllimə ayrılıb. Ədalətli bölgü aparldığını ona nə qədər başa salmağa çalışsam da cəhdlərim bir nəticə vermədi. Məndən onu komendatla birləşdirməyi tələb edərkən əhəmiyyət vermədiyimi görüb, masamın üstündəki telefon dəstəyinə əl atdı. Ondan cəld tərpənərək dəstəyi əlindən aldım və artıq əsəblərimi cilovlaya bilmədiyimdən dəstəyi onun mənə tərəf əyilən alnına çırpdım.

Görünür dəstəyin ağırlığını nəzərə almamışdım. Üz-gözünü qan bürümüş halda, qaçaraq otaqdan çıxdı. Heç yarım saat belə keçməmiş komendant mənə zəng edib, təcili yanına gəlməyimi əmr etdi. Qəbul keçirirəm deyib, dəstəyi üzünə qapatdım. Vəziyyətin bu qədər ciddi xarakter alacağına elə də bir gümanım yox idi, çünki əfqanıstan müharibəsi qəhrəmanlarından sayılan Lebed soyadlı polkovnik və onun komendatura üzvləri bizim Təhsil şöbəsinə məxsus Tədris İstehsalat Kombinatının binasında yerləşdirilmişdi və o məni şəxsən yaxından tanıyırdı.

Alnı paralanmış erməni qadının şikayəti əsasında məni komendaturaya aparmaq üçün arxamca zirehli maşında bir zabit və iki hərbiçi göndərildi. Rus dilində söyüşünə elə öz dilində də cavab verdim. Mənə qarşı milli məsələni qızışdırmaq ittihamı irəli sürüldü və Salyan tərəflərdə yerləşən Xələc həbsxanasına göndərilmək qərara alındı. Bu zaman hansısa tapşırığa gərə bura gələn raykom işçilərindın birinin qulağına mənim tutulmağım barədə xəbəri I katibə çatdırmağı xahiş etdim. Katibin bütün səy və cəhdləri səmərə vermədi. Mənim təyin etdiyim məktəb direktorlarından biri Daxili işlər nazirinin yaxın qohumu idi. Onun vastəsi ilə xəbər nazirə çatdırıldı. Komendant poqon yoldaşı olan generalın sözündən çıxa bilmədi. Rus dilində növbəti söyüş qazansam da bu vəziyyəti də belə adlatdım.

Dilə gətirdiyim bu olay o dövrlərdən xatirimdə qalanlardan yalnız kiçik bir epizoddur. “Ən gözəl vaxtlarım – vaxtım olmayan vaxtlardır” ifadəsi mənə ona görə daha yaxın və əzizdir ki, vaxt olmayan vaxtlarda belə, vaxt tapıb, ideallarımızı qoruduq, əqidəmizə dönük çıxmadıq, nəzarətsiz illərdə də öz üzərimizdə nəzarəti saxlamağı bacardıq. Vaxt olmayan vaxtların gəzəlliyi o oldu ki, bərkə-boşa düşməklə, bir növ həyat məktəbi keçmiş olduq, yaxşını pisdən, düzü yalandan ayırmağı, haqqa, ədalətə qiymət verməyi öyrəndik.

20 yanvardan sonrakı ilk Novruz bayramı ərəfəsi idi. Fövqaladə vəziyyət elan olunmasına, komendatura rejiminin tətbiq edilməsinə baxmayaraq, xalq öz milli-mənəvi dəyərlərinə biganə deyildi, gizli və açıq formada bayram əhval- ruhiyyəsi hiss olunurdu. Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər. Nəsimi rayonu Təhsil şöbəsinin müdiri idim. Xəbər gəldi ki, təcili olaraq o zamanlar “Qorkom” adlanan Bakı şəhər partiya komitəsinin büro iclasına gəlməliyəm. Hətta, hansı məsələnin müzakirə olunacağı barədə belə məlumat vermədilər. Deyilən vaxtda Qorkomda oldum. Büro iclasına xeyli məktəb direktorları, universitet rektorları və digər rəhbər işçiləri toplamışdılar. Zalda əyləşənlər içərisində rəhbərlik etdiyim təhsil müəssisələrinin işçilərindən bir neçə nəfəri də gözümə dəydi.

İlk olaraq, paytaxtda vəziyyətin gərginliyi səbəb gətirilərək hər hansı bir müzakirəyə ehtiyac olmadığı barədə qabaqcadan xəbardarlıq etdilər. Qısa məlumat xarakterli arayışın oxunuşundan sonra, büronun arayışdan dəfələrlə uzun qərarı oxundu. Cəzalandırılanlar içərisində mən də var idim. O zamanlar üçün dəbdə olan “За политической близорукости” (siyasi səbatlılığını, uzaqgörənliyini itirdiyinə görə) və s. ağır ittihamlara əsasən mən tutduğum vəzifədən azad olunurdum. Hamı ağzına su alıb susmuşdu.

Sən demə, müəllimlər və uşaqlar da daxil olmaqla, bir neçə təhsil müəssisəsinin kollektivı şəhidlərimizin ruhunu yad etmək üçün, milli geyimdə və bayram sovqatları ilə “Şəhidlər xiyabanı” istiqamətində hərəkət edərkən sovet hərbiçiləri tərəfindən “yaxalanmışlar” və dərhal bu barədə şəhər rəhbərliyinə məlumat verilibmiş. Bu isə fövqaladə vəziyyətlə bağlı rejimin “normativlərinə” zidd imiş…

Yeganə müdafiəmə qalxan Raykomun I katibi mərhum Afiyəddin Cəlilov oldu. Büro üzvləri onun hörməti və nüfuzu qarşısında duruş gətirə bilmədilər. Mənim bir müddət əvvəlki partiya töhmətimi yada salanların can-fəşanlığı da elə bir səmərə vermədi. Nəhayət, uzun çək-çevirdən sonra, “tutduğu vəzifədən azad olunma” cəzası, “partiya uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət”lə əvəz olundu. Əvvəlki töhməti isə mənə elə həmin büroda bir sıra ermənilərin Respublikamızı tərk etmələrinə mane olmadığıma, yəni öz xahişləri ilə işdən azad olunmaları barədə ərizələrini imzaladığıma görə vermişdilər.

Bununla belə, fövqaladə rejim “aşiqləri” öz inadlarından da əl çəkmədilər. Rejimə sədaqətlərini nümayiş etdirmək və komendaturaya yarınmaq üçün bir neçə öndə gedən rəhbər işçini, o cümlədən bizim rayonun bir məktəb direktorunu, onun müavinlərini, mədəniyyət klubunun müdirini tutduqları vəzifələrindən azad etdilər. Nə var, nə var klubun müdiri uşaqları milli geyimlə təmin etmiş və Novruz şənliklərinə hazırlaşmaq üçün onlara klubda şərait yaratmışdı. Deməyim odur ki, “Əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək..."

Nadir İsrafilov
Təhsil eksperti

Xəbər lenti