“Mən direktorla bağlı bütün faktları sübuta yetirdim, amma tədbir görən olmadı. Direktorun qanunsuz əməlləri barəsində rəsmi məlumat verdim nazirliyə, cavab gəldi ki, tədbir görülüb. 2019-cu ilin mart ayında direktorumuz sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb. Lakin həmin töhmətin nə faydası oldu, nə nəticəsi...”
Tehsil.biz redaksiyasına Ağcabədi rayon Poladlı kənd tam orta məktəbin valideynləri adından həmin məktəbin direktoru Mustafayeva Əfiqə haqqında olan şikayəti olduğu kimi təqdim edirik:
“Ağcabədi rayon Poladlı kənd tam orta məktəbin direktoru Mustafayeva Əfiqə Bəyməmməd qızının 2011-ci ildən bu günə kimi etdiyi cinayət tərkibli əməlləri ört-basdır edilir. Kənd camaatı və valideynlərin saysız-hesabsız müraciətləri olub müxtəlif aidiyyatı orqanlara, ANS TV-nin müxbiri çəkib televiziyada işıqlandırıb, direktor ancaq töhmətlər alıb. 2019-cu ilin mart ayında Təhsil naziri Ceyhun Bayramov Ağcabədidə vətəndaşları qəbul edən zaman tarix müəlliməsi qəbulda olmuş, seçkidə iştirak edən müəllimin dərsinin qanunla ona yox, müqavilə ilə işləyən coğrafiya müəlliminə verildiyini bildirmişdir. Elə orada məlum olub ki, direktor müəllimənin adından saxta sənəd (imtina ərizəsi) düzəldibmiş. Buna görə direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verdilər. Ancaq buna baxmayaraq, həmin ilin sentyabr ayında məktəbə Bakı və digər yerlərdə yaşayan uşaqların adı yazıldı və direktor özü onları 100 balla qiymətləndirərək şəxsən mənim adımdan da 5 qiymət yazdı.
Dekabr ayında Təhsil Nazirliyin məlumat çatdıqdan sonra valideynlərin bəziləri uşaqların adını çıxartdı (onları məktəb uşaqları, müəllimlər üzdən tanımır) (Əliyeva Aytacın adı hazırda 11-ci sinifdə qaldı). Direktor onu müəllimlərdən gizli 11-ci sinifə keçirərək özü qiymətləndirdi, şəxsi işi sinif rəhbərinin adından özü yazdı.
Maaş cədvəlində əksik gəlmələr kimi saysız əməlləri haqda Təhsil nazirliyinə bildirilib. Təhsil şöbəsinin müdiri İsmayıl Həsənovun da direktorun əməllərindən xəbəri olsa da, “Nazirlikdə adamı var, heç nə edə bilmərik” –deyir.
Biraz arxivə qayıtsaq, direktorun jurnalistin də üzərinə hücum etməsinin şahidi ola bilərik. Hətta kənd camaatı ayağa qalxaraq kütləvi şəkildə uşaqlarını məktəbdən çıxartmaq istədilər. Lakin hər zaman olduğu kimi yenə də təzyiq görərək susdurulduq...
Bu problemlərin hər biri Təhsil nazirliyinə yönləndirilib. Şikayətçi valideynlər keçmiş Təhsil nazirləri Mikayıl Cabbarov və Ceyhun Bayramovun qəbulunda olublar. Bundan əlavə nazirliyə dəfələrlə tək-tək və toplu şəkildə şikayət məktubları getsə də, nə fayda...
Məsələyə baş qoşan çox adamlar, nazirlik işçiləri oldu, lakin son olaraq “məsələyə baxılıb”, “töhmət verildi”, “tədbir görüldü” və s. kimi sözlərlə başımızı aldatmağa çalışdılar. Direktor isə məktəbdə at oynatmağa davam etməkdə idi.
Təhsil Nazirliyindən Ceyhun Mirzə adlı bir şəxs nümayəndə kimi məktəbə göndərildi. Aparılan müşahidələr də yazılan şikayət ərizələrin tam doğru olmasını sübut etdi. Amma gözlə görülən faktlar nazirlik rəsmisi tərəfindən aktlaşdırılmadı. Sonda isə Təhsil şöbəsinin o zamankı müdiri Mehdi müəllimdən “yemək masasında sizi gözləyirik” –deyə xəbər gəldikdə isə o da başımızı aldadıb məlum yerə getdi.
Maaşların kəsilməsi ilə bağlı regionalda Məhəmməd Əsədov müəllimə müraciət etdik, Gəldi, yoxlamalar apardı və getdi, bir müddət sonra xəbər verdi ki, nazirliyə göndərilib və lazımi qərarı onlar verəcəklər. Təəssüf ki, bundan da bir xəbər çıxmadı.
Direktor məktəbə ilk gəldiyi zamandan deyir ki, “bu kənddə guya dərs oxuyan var ki, bunlara bir batinka, bir də lapatka (bel) yaraşır, bunlar nə bilir təhsil nədir?!”
Təxminən 2015-ci ildə məktəbə yoxlama gələndə aşkarlanan ciddi nöqsanların birbaşa prokurorluğa göndərildiyi bildirildi. Həmin il jurnala nə kimi müdaxilələr edilmişdisə, yoxlanış vaxtında jurnal direktor tərəfindən gizlədilmişdi. Çünki direktor müəllimlərin adında jurnalda qeydlər aparırdı və bu və digər qeyri-qanuni əməllərin üzə çıxmasından ehtiyatlanırdı.
Bir dəfə direktor hansısa şagirdin adının mətəbdən çıxaracağını bildirdi. Lakin biz həmin şagirdə qiymət yazmasaq da, özü bizim əvəzimizdən qiymətləndirmə apardı.
Direktorumuz müəllimlərdən birinə 400 Manat pul qarşılığında dərs saatının artırılmasını təklif etdi, verməyincə dərs saatının yarısını əlindən aldı. Bu azmış kimi hələ müəlliməni təhqir edərək onun şərəf və ləyaqətini ayaqlar altına atdı. Dərs saatlarımızın əlimizdən niyə alınmasını soruşanda isə bizə “siz məndən şikayət edirsiniz, mən də belə edirəm” –deyə cavab verir.
Bu direktoru ancaq yuxarıdan başının üstünü alıb indiyədək etdiklərinə görə cavab verməyə, mənimsədiklərini dövlətə qaytarmağa məcbur etmək, cəzalandırmaq lazımdır. Daxili nəzarət bunun etdiklərinə göz yumur, o da "at oynadacaq", istədiyini edəcək.
Qeyd: “Tehsil.biz” redaksiyasına daxil olan iddialara münasibət bildirmək istəyən şəxslərin fikirlərini yayımlamağa hazırıq!