Logo

“Məzunu olduğum universitetdə müəllim kimi çalışmaq böyük qürurdur” - FOTO

23.01.2023 10:30 106 baxış
IMG

"Xaricdə təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtdım. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasında müəllim kimi işləmək təklifi aldım. Məzunu olduğum universitetdə tədrislə məşğul olmaq mənə şərəfdir".

Tehsil.biz xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) məzunu olduqdan sonra elə həmin ali məktəbdə müəllim kimi çalışan Aydın Nəsirzadə deyib.

O bildirib ki, BANM-in gənc məzunları burada müəllim kimi fəaliyyət göstərirlər: "Bu ənənəni Milan Politexnik Universitetində də gördüm. Yaşlı professorlarımın elə həmin təhsil ocağının illər əvvəlki məzunları olduğunu görmək məni çox cəlb etmişdi. Bakalavr pilləsinin son ilində məqsədim Milan Politexnik Universitetində təhsil almaq idi. Çünki artıq bir neçə il bu universitet mühəndislik və texniki fənlər üzrə dünyanın 13-cü, Avropanın isə 6-cı ən yaxşı universiteti seçilib".

A.Nəsirzadə deyib ki, BANM-də yiyələndiyi bilik və bacarıqlara görə Milan Politexnik Universitetinə qəbul olmağı bacarıb: "Həmin il Azərbaycan Respublikası Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan etdi. Bu müsabiqənin qaliblərindən biri oldum və tam təqaüdə layiq görüldüm. BANM bu gün ölkəmizdə bir brenddir. BANM-in tələbə və məzunları bir neçə milli və beynəlxalq şirkətdə istehsalat təcrübəsində olmaq imkanı əldə edirlər".

A.Nəsirzadə tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb: "Tələbəlik illərimdə laboratoriyalardan saatlarla çalışmağımız, imtahana hazırlaşmaq üçün axşama qədər keçirdiyimiz müzakirələri, kurikulumdankənar məşğuliyyətlər, iştirak etdiyimiz yarışlar unudulmaz təcrübələrdəndir. Məzunu olduğum universitetdə müəllim kimi fəaliyyət göstərmək isə mənim üçün böyük qürurdur. Eyni zamanda bu böyük məsuliyyəti də dərk edirəm. Ümid edirəm, mənə olan etimadı doğruldacağam".

O, BANM ailəsinin ikinci ailəsi kimi olduğunu deyib: "Buraya ayaq basdığınız ilk gündən bu ailənin üzvüsünüz. Şad və çətin günlərdə həm qrup yoldaşlarınızın, həm müəllimlərin, həm də rektor və əməkdaşların sizi tək qoymadığını görəndə buna əmin olursunuz. Məzun olandan sonra da bu dəyər qorunur. Ən gözəl dostluqlarımız da məhz buradan başlayır. Bunlar BANM-in mənə qazandırdıqlarının yalnız bir hissəsidir".

Qeyd edək ki, Aydın Nəsirzadə 2014-cü ildə 690 balla Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub. Prezident təqaüdünə layiq görülüb. 2019-cu ildə BANM-in məzunu olan Aydın təhsilini İtaliyanın ən qabaqcıl mühəndislik universiteti olan Milan Politexnik Universitetində Avtomatlaşdırma və idarəetmə mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində davam etdirib. Xaricdə təhsilini başa vurduqdan sonra Vətənə qayıdıb. Aydın Nəsirzadə elə məzun olduğu doğma Ali Məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.

Mərcanə Əsədova

Xəbər lenti