Logo

Məktəbli startapçılar - FOTO

23.01.2023 11:49 80 baxış
IMG

Paytaxt məktəbləri şagird və məzunlarının uğur hekayələri

Məlum olduğu kimi, ötən ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən “Məktəbli startapçılar” adlı layihəyə start verilib. Layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunub. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə məlumat veriblər.

Layihənin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, sadəcə məktəbdə öyrəndikləri ilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı gənc startapçılarını ictimaiyyətə tanıtmaqdan ibarət olub. Əlavə olaraq, məktəblilərin gündəlik həyatlarını, startap ideyalarını əks etdirən fotoşəkil və videogörüntülər də layihə çərçivəsində təqdim olunub. Layihədə iştirak edən şagirdlər ideyalarını startapa çevirmək istəyən digər məktəblilərə fikir və tövsiyələrini bildiriblər.

Eyni zamanda, 2022-ci ilin mayında Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında paytaxt məktəbliləri uğurlu nəticə göstəriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) əldə etdiyimiz məlumata əsasən, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri maraqlı layihələrlə çıxış edərək yüksək yerlərə layiq görülüblər. “TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində paytaxtdakı 81 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb, 20 nömrəli məktəb-liseyin “TechnoCad” komandasına məxsus “Smart Trashbin” layihəsi müsabiqəyə qatılan 141 komanda arasında final mərhələsinə keçən 25 komandadan biri olub, 189-190 və 236 nömrəli tam orta məktəblərin şagirdləri “Timely transport” kəşfi ilə festivalda təmsil olunaraq ilk onluqda yer alıblar.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Yaşıl texnologiyalar” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib.

Paytaxt məktəblərinin istedadlı startapçıları və onların layihələri ilə daha yaxından tanış olmaq qərarına gəldik və həmin yeniyetmə və gəncləri oxucularımıza təqdim edirik.

“Arzu edirik ki, işğaldan azad olunmuş ərazilərimizdə də layihəmiz istifadə olunsun”

20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi  Mehdi Musayev: “Mən 2009-cu ildə anadan olmuşam və hazırda 20 nömrəli məktəb-liseyin 8-ci sinfində oxuyuram. Keçən il 7-ci sinifdə oxuyarkən biz mentorumuz Çinarə müəllimin rəhbərliyi ilə komanda yoldaşlarım Rəşid, Yusif, Əlikərim, Əbdüləziz və Nihadla birgə “Smart trashbin” layihəmizi işləyib hazırladıq. Mənim kapitanı olduğum və “TechnoCad” adlandırdığımız komandamızla 2022-ci ilin mayında “Smart trashbin” layihəmizi “TEKNOFEST Azərbaycan” festivalında nümayiş etdirdik və 141 komanda arasından finala keçən 25 komandadan biri olduq. Komandamız “Baku Skills” kateqoriyası üzrə iştirak edirdi. “Smart trashbin” layihəmiz gigiyena baxımından, eləcə də əlillər üçün faydalıdır. Belə ki, biz ilk növbədə tinkercad proqramında modelimizin 3D layihəsini hazırlamışıq və  microbitə qoşaraq modelimizə ultrasonic sensor əlavə etmişik. Layihəmizi elə kodlaşdırmışıq ki, obyekt sensora 5 santimetr və ya daha yaxın gələrsə, zibil qutusunun üst hissəsi açılır və zibili ora atırıq. Sonra isə üst hissə qapanır. Biz gələcəkdə bu layihəmizi tamamilə günəş panelləri ilə işlətmək istərdik. Həmçinin arzu edirik ki, işğaldan azad olunmuş ərazilərimizdə də layihəmiz istifadə olunsun”.

“Layihəmiz ən innovativ layihə kimi çox bəyənildi”

236 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Səbinə Hüseynzadə: “Mən 2009-cu il təvəllüdlüyəm və hazırda 236 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm. 7-ci sinifdə oxuyarkən çoxdan tanış olduğum 189-190 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri Muradova Emiliya, Bağırzadə Almaz və Hüseynov Fərhad ilə birgə “Timely transport” layihəsini hazırladıq. Layihəmizin mentoru 189-190 nömrəli tam orta məktəbin informatika müəllimi Aynur Hüseynova idi. “TEKNOFEST” festivalının Azərbaycanda keçiriləcəyini eşidəndə çox sevindik, çünki bu bizim xəyalımızı reallaşdırmaq üçün bir fürsət idi. Biz Bakıda olan tıxac probleminin həllini düşünərək bir innovativ yanaşma ilə çıxış etdik və “Timely transport” kəşfi ilə “Baku Skills” kateqoriyası üzrə festivalda təmsil olunduq. İcadımızın əsas məqsədi təcili tibbi yardımın mənzil başına vaxtında çatmasıdır. Bunun üçün maşının təkərlərinə lift kostruksiyası əlavə etdik. Beləcə qurğunun köməyi ilə tibbi yardım maşını tıxac vaxtı digər avtomobillərin üzərindən keçmək imkanı qazanır və tıxacda dayanmır. Layihəmiz ilk onluğa düşərək ən innovativ layihə kimi çox bəyənildi”.

Müsabiqə qalibi, I dərəcəli şahmatçı

247 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həvva Qəmbərova: “Mən 2007-ci il təvəllüdlüyəm və Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Beynəlxalq FIDE reytinqinə malik birinci dərəcəli şahmatçıyam. 2022-ci ildə ölkəmizi Naxçıvanda keçirilən Ümumdünya Şahmat Olimpiadasında təmsil etmişəm. Həmçinin, 2022-ci ildə IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri XI Respublika Müsabiqəsi”nə qatılaraq Ekologiya və ətraf mühitin idarə olunması nominasiyası üzrə 2-ci yerin qalibi olmuşam. Layihəm ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsində bitkilərin bioindikator rolunun müəyyən edilməsinə həsr olunub. Eksperimental tədqiqatlar γ - spektrometrdən istifadə etməklə Bakı şəhərinin ekoloji təmiz və çirkli ərazilərindən toplanmış müxəlif bitkilərin radeonuklid tərkibinin və xüsusi aktivliyinin ölçülməsi və müqayisə edilməsi ilə aparılıb. Hal-hazırda “Sabahın alimləri XII Respublika Müsabiqəsi”ndə Biologiya ixtisası üzrə iştirak edirəm. Onu da əlavə etmək istərdim ki, Bakı Dövlət Universitetinin Biofizika kafedrasının müdiri, professor Rövşən Xəlilovun rəhbərliyi altında mən “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Axundov Camal ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunun “Qoturlu” termal su mənbəsindən ayrılmış mikroorqanizmlərin iştirakı ilə metal nanohissəciklərinin sintezi sahəsində təcrübi tədqiqatlar aparıram. Metalnanohissəciklərin sintezi və onların tibbin müxtəlif sahələrində tətbiqi müasir dövrümüzün ən aktual məsələlərdən biri hesab olunur. Son əsrdə insan sağlamlığının qorunmasında böyük nailiyyətlər qazanmış tibb elminin daha da inkişafı və dərinləşməsi üçün nanotexnologiyanın bu sahəyə tətbiqi olduqca vacibdir. Mənim təqdim etdiyim layihənin məqsədi müxtəlif substratlardan termofil bakteriya ştammlarının ayrılması, bu ştammların metal nanohissəcik əmələgətirmə qabiliyyətinin araşdırılması, müqayisəli analizi və onlardan bioloji üsulla metal nanohissəciklərin alınmasıdır”.

“Mini tozsoran” layihəm üçüncü olub

20 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Raul Quliyev: “Mən 2007-ci ildə anadan olmuşam və hazırda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 10-cu sinfində oxuyuram. 2022-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri XI Respublika Müsabiqəsi”nə Fizika-astronomiya nominasiyası üzrə “Mini tozsoran” layihəsi ilə qatılmışam və nəticədə 3-cü yerə layiq görülmüşəm. Mənim hazırladığım “Mini tozsoran” elektrik şəbəkəsinə qoşulmur, mühərrikin qidalanması avtonom elektrik təchizatı ilə həyata keçirilir. Akkumulyator gözləmə rejimində fotoçevirici panellər vasitəsilə işıq enerjisindən qidalanır. Tozsoran yığcam qabaritə malik olduğundan onunla mənzil və ofisin hər bir yerində toplanmış tozu almaq olur. Qurğunun gövdəsi şəffaf olduğundan tozun toplandığı bunkerin yüklənməsini vizual müşahidə etmək mümkündür. Layihəmin məqsədi və ideyası ondan ibarətdir ki, mini tozsoranın gövdəsini və yardımçı hissələrini istehsalat tullantılarından hazırlamaqla onun inşasını həm konstruktiv olaraq ucuz həyata keçirmək, həm də təbiəti ona ziyan vuran tullantı maddələrdən qorumaqdır. Gün işığı, süni işıq mənbələrinin enerji fotoelektrik panellərlə elektrik enerjisinə çevirib qurğunu enerji ilə təmin edir”.

“Layihəmi dünyaya tanıtmaq yolunda addımlar atıram”

47 nömrəli tam orta məktəbin məzunu Nigar Şirinova: “Mən 2005-ci ildə anadan olmuşam və 47 nömrəli tam orta məktəbdə təhsil almışam. ADA universitetinin birinci kursunda təhsil alıram. COVID-19 virusunun dünyada yayıldığı vaxtlar maska tullantılarına görə təbiətin tullantı faizi artmışdı. Eləcə də maskalar quşların ayağına dolaşır, ölümlərinə səbəb olurdu. Bu problemin qarşısını almaq məqsədilə yeni tipli maska düşündüm və “EcoMask” layihəmi hazırladım. “EcoMask”  süddən düzəlmiş bir parçadır və digər maskalara nisbətən torpaqda daha tez çürüyür. Hazırladığım maskanın dizaynı heyvanlar üçün daha risksizdir. Bundan əlavə, süddən parça dərisi həssas olan insanlar üçün çox yaxşı bir seçimdir. Maskanı hazırlamaq üçün mənim ilk məqsədim süddən sap düzəltmək oldu və sapı hazırlamaq üçün gərəkli olan məhlulu bir ay ərzində əldə etməyi bacardım. 2022-ci ildə 11-ci sinifdə oxuyarkən “EcoMask” layihəmi IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri XI Respublika Müsabiqəsi”ndə nümayiş etdirdim və 3-cü yerə layiq görüldüm. Hazırda isə layihəmi bütün dünyaya tanıtmaq yolunda addımlar atıram”.

“Elmi işlə məşğul olmaq mənə böyük təcrübə qazandırıb”

53 nömrəli tam orta məktəbin məzunu Zəhra Xalıqlı: “Mən 2005-ci il təvəllüdlüyəm və 53 nömrəli tam orta məktəbin məzunuyam. İlk dəfə 2020-ci ildə  IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri IX Respublika Müsabiqəsi”ndə iştirak etmişəm və Fizika nominasiyası üzrə komandamızla 3-cü yerə layiq görülmüşük. Bundan sonrakı uğurlarımın bir çoxunu bu müsabiqəyə borcluyam deyə bilərəm. Elmi işlə məşğul olmaq və komanda mühitində işləmək mənə böyük təcrübə qazandırıb. 2022-ci ildə 11-ci sinifdə oxuyarkən Mühəndislik nominasiyası üzrə komanda yoldaşım Aslanlı Zakirlə “COVİD-19 virusunu aşkarlayıcı maye kristal əsaslı termo-sensorlar” adlı layihəmizi IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri XI Respublika Müsabiqəsi”ndə təqdim etdik və 3-cü yeri qazandıq. Bunlardan əlavə, mən “Girls in All”, “Machine learning in 30 days” kimi layihələrdə iştirak etmişəm. Hazırda 3 saylı Asan Xidmət Mərkəzində könüllü olaraq fəaliyyət göstərirəm”.

“Vətən qarşısında borcumu şərəflə yerinə yetirirəm”

54 nömrəli tam orta məktəbin məzunu Fərid Hüseynov: “Mən 2004-cü ildə anadan olmuşam və Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin məzunuyam. 2022-ci ildə 11-ci sinifdə oxuyarkən Biologiya nominasiyası üzrə “DemeterZ” layihəmi  IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri XI Respublika Müsabiqəsi”ndə nümayiş etdirdim və 2-ci yerə layiq görüldüm. Müsabiqənin yekununda digər qalib şagirdlər kimi diplom, medal və hədiyyə ilə təltif olundum. Qeyd etmək istərdim ki, mən robototexnika, mühəndislik istiqamətləri üzrə də müxtəlif müsabiqələrdə iştirak etmiş və uğur qazanmışam. Belə ki, 2019-cu ildə Bakı şəhəri üzrə Kiçik Akademiya üzvləri arasında tədqiqatçılıq müsabiqəsində 1-ci yerə, IX-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri IX Respublika Müsabiqəsi”ndə Mühəndislik nominasiyası üzrə 3-cü yerə layiq görülmüşəm, 18-19 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, ADA universiteti, “Edumedia Azərbaycan” şirkətinin təşkilatçılığı ilə keçirilmiş FLL yerli turnirdə uğurla iştirak etmişəm. Hazırda hərbi xidmətdəyəm və Vətən qarşısında borcumu şərəflə yerinə yetirirəm”.

Lamiyə ƏLİMƏRDANOVA

Xəbər lenti