Logo

Ehtiyacdan un kisələrini yuyub satdı, intihar etmək istədi, ölümü qızından gizlədildi – “Toppuş bacı” haqqında maraqlı faktlar

23.01.2023 13:33 430 baxış
IMG

Kulis.az ötən gün 49 yaşında dünyasını dəyişən aktrisa, Əməkdar artist Tünzalə Əliyeva haqqında maraqlı faktları təqdim edir.

Tünzalə Məcid qızı Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən Tünzalə 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olunur.

***

li məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərir.

Tale elə gətirir ki, Gəncədən Bakıya gəlir və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. Bu teatrın səhnəsində "Müqəddəs Valentin günü", "Qısqanc ürəklər", "Pul hərisləri", "Ləyaqət", "Toros canavarı", "Poçt Şöbəsində xəyal", "O olmasın, bu olsun", "Dan yeri söküləndə" adlı tamaşalarda uğurlu rollar ifa edib.

***

Tünzalə Əliyeva kasıb ailədə böyüdüyünü hər zaman efirlərdə, dost tanış yanında səsləndirən sənət adamı olub. Müsahibələrinin birində ailəsindən söz açan aktrisa deyir:

“Mən fəhlə ailəsində böyümüşəm. Normal ailəmiz olub. Sovet dovründən müstəqilliyə keçəndə böhran bizim ailəyə də təsir etdi. Zavod bağlandı, atam işdən çıxdı. Mən instituta girdim. 1-ci kursda oxuyanda xəstəxanaya düşdüm. Atam yanıma gəlmişdi. Mənə dedi ki, çalışacam sənə yaxşı baxım. Ancaq səni yaxşı geyindirə bilməyəcəm. Düz 2 il hər gün bir yubkada dərsə getdim. Atam 40 gün işləyib mənə plaş almışdı... Mən naşükür deyiləm. O vaxt çox xoşbəxt idim, özüm işləyib pul qazanırdım. Rəfiqəmlə un sexinə gedib un torbaları götürürdük, gətirib evdə yuyurduq. Birini 20 qəpikdən satırdıq. Qazandığım pulları banka qoymuşdum. Bank iflasa uğradı, pullarım batdı. 800 manat 8 qəpik oldu. Əsəbdən 1 ay xəstəxanada yatdım. Mən heç vaxt keçmişimi unutmuram”.

***

“Kişiləri qoruyun”, “Yoxlama”, “Qocalar”, “Bir ovuc torpaq”, “İstanbul reysi”, “Qayınana” filmlərinə, “3 bacı”, “Qız atası” seriallarına çəkilən Tünzalə Əliyeva 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Dolanışıq ucbatından qadın toylarında, xınayaxdılarda aparıcılıq edən aktrisa hətta məclislərdə aş gətirən rəqqasə obrazında çıxışlar edib. Aktrisa ailəsini saxlamaq üçün bu fəaliyyətlərə məcbur olduğunu deyirdi.

***

2013-cü il iyun ayının 3-də aktrisa özündən xeyli cavan Röyal adlı bəylə ailə həyatı qurur. Bu evlilikdən onların bir qız övladı dünyaya gəlir. Ancaq sonralar ailə haqqında onların evliliyinin saxta olması barədə xəbərlər yayılır. Əslinə bu xəbərlərin yayılmasına səbəb aktrisanın verilişlərin birində “bu evlilik saxta idi, biz ayrılmışıq” sözlərini deməsi olur. Ancaq müğənninin həyat yoldaşı deyilənləri təkzib edərək açıqlama verir ki, “Xeyr, bu xəbər yalandır. Biz boşanmamışıq. Çox da xoşbəxt, firavan yaşayırıq. Siz sadəcə həmin verilişi izləyin, biləcəksiniz. Veriliş maraqlı alınsın deyə, anonsu elə yığıblar. Mən Tünzaləni sevirəm və biz boşanmamışıq”.

2018-ci ildə aktrisanın xərçəng xəstəliyinə tutulması barədə xəbərlər mediada yayılmağa başlayır. Bir neçə dəfə əməliyyat olunan aktrisanın xərçənglə mübarizəsi xeyli zaman alır. 60-dan çox kimyaterapiya etdirməyə məcbur olan aktrisanın saçları töükülür. Vəziyyət o həddə çatır ki, o, intihara da, cəhd edir. Bu barədə o, son müsahibələrinin birində deyir:

“Məni tanıyanlar bilir ki, uzun saç mənim üçün önəmli idi. Birdəfəlik kəsə bilmirdim. Yavaş-yavaş kəsdirdim. Xırda hörüklər etdirmişdim. Axşam yatıb, səhər oyananda hörüklərimdən biri yastığıma tökülmüşdü. Röyala dedim ki, belə dözə bilməyəcəm, birdəfəlik qırxaq.

Həkimə gedib-gəldim. Gördüm yoldaşım saçını keçəl qırxıb. Sonra mənim saçımı da qırxdı. Qızım Zəhra 3 gün depressiyaya düşdü. “Ana saçın hanı, ata saçın hanı?” deyirdi. Sonra məcbur yaylıq bağladım. Çox ağır dönəmlərdən keçdim. Bu yaxınlarda həkimə getdim, mənə dedi ki, sənə yaxşı xəbərim yoxdur. İndi də böyrək damarlarında törəmə var. Hər halımda dözürəm. Kimyaterapiyaların təsirindən çox zəif düşmüşdüm. 8-ci mərtəbədə yaşayırdım. Çıxıb sürahidən tutub öz-özümə deyirdim, atım, atmayım? Axırı Röyalı çağırırdım ki, gəl ayağımı aşağı sal. Çünki, o qədər gücsüz idim ki, ayağımı aşağı salmağa belə taqətim yox idi. Dərindən nəfəs alırdım. Güclü olmaq lazımdır. Özümü ayaqda tutmağı bacarırdım”.

***

Müalicəsinin son dönəmlərində aktrisa dərmanlarını ala biımək üçün evini 70 minə satışa çıxaracağını bildirib. Ancaq səhhəti ağırlaşdığından, səsi batan aktrisa ömrünün sonunu yaxınlaşdığını hiss edir. O, ölümündən bir müddət əvvəl Gəncəyə gedərək ailə üzvləri və qohumları ilə vidalaşır.

22 yanvar 2023-cü ildə Milli Onkologiya Mərkəzində 49 yaşında dünyasını dəyişən aktrisa 23 yanvarda özünün son vəsiyyətinə əsasən “Qurd qapısı” məzarlığında dəfn olunub. Aktrisanın bacısının sözlərinə görə Tünzalə Əliyevanın ölümü onun azyaşlı qızından gizlədilib.

Xəbər lenti