Logo

Litvalı jurnalist 20 Yanvar faciəsindən yazıb

23.01.2023 16:05 299 baxış
IMG

Tanınmış litvalı ekspert, hərbi jurnalist Riçardas Lapaytis 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb.

"Tehsil.biz"in məlumatına görə, o, bildirib ki, hər dəfə Azərbaycana səfər edərkən, ilk növbədə Şəhidlər Xiyabanını ziyarət edir. “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həlak olanların xatirəsini yad edirəm. Şəhidlər Xiyabanında bir çox məzarın üstündə eyni ölüm tarixi yazılıb. Otuz üç il keçməsinə baxmayaraq, azərbaycanlıların ağrısı hələ də davam edir və bu yara heç vaxt sağalmayacaq”.

Hərbi jurnalist Bakıya olan hücumun miqyasına və qəddarlığına diqqəti cəlb edib. “1990-cı il yanvarın 20-nə qədər biz SSRİ tarixində hələ heç vaxt eşitməmişdik ki, hava hücum briqadaları, hərbi hava qüvvələri, motoatıcı alay dinc şəhərə hücum etsin. Sovet ordusunun on minlərlə hərbi qulluqçusu Bakıya müxtəlif istiqamətlərdən daxil olaraq şəhərdə dəhşətli vəhşiliklər törətməyə başladılar. Onların cinayətləri dinc sakinlərə qarşı yönəlmişdi. Müxtəlif məlumatlara görə, hərbi əməliyyat nəticəsində 150 dinc vətəndaş həlak olub. Sovet İtttifaqının heç bir şəhəri o günə qədər belə qəddarlıq görməmişdi. Tanklar təcili yardım maşınlarını, ümumiyyətlə, hərəkət edən istənilən nəqliyyat vasitəsini əzir, Bakı sakinlərinin evlərinin pəncərələrinə atəş açır, insanları öldürürdülər…”, - deyə Riçardas Lapaytis xatırladıb.

Jurnalist hesab edir ki, məhz 20 Yanvar faciəsi SSRİ-nin dağılmasının başlanğıcı oldu, çünki sovet rejimi II Dünya müharibəsi dövründən bəri ən vacib müttəfiqi olan Azərbaycanı birdəfəlik itirdi. “Azərbaycan xalqı qətiyyətlə azadlıq və müstəqillik yoluna qədəm qoymaq qərarına gəldi. O zaman heç bir ultimatum Azərbaycan xalqının iradəsinə təsir edə bilməzdi. 1990-cı il yanvarın 20-si azərbaycanlıların birləşməsi və həmrəyliyi günü hesab oluna bilər”.

Bu hadisələrin Qarabağdakı proseslər fonunda baş verdiyini xatırladan Lapaytis o dövrü Azərbaycanın tarixində “qara zolaq” kimi xarakterizə edib. “O vaxt təkcə yanvar qara deyildi. Bu, Azərbaycanın tarixində ardıcıl hadisələrin qara zolağı idi. O vaxta qədər 200 min azərbaycanlı artıq Ermənistandan qovulmuşdu. Hər kəs açıq-aydın dərk edirdi ki, bu namərd akt SSRİ-nin digər xalqlarına nümunə olması üçün Azərbaycan xalqının azadlıq və ədalət əzmini qırmaq üçün Mixail Qorbaçov başda olmaqla, o vaxtkı fərsiz sovet rəhbərliyi tərəfindən törədilib. Bir ildən sonra – 1991-ci il yanvarın 13-də mülki əhaliyə qarşı bu cür qəddarlıq və zorakılıq aksiyası Vilnüs küçələrində təkrarlandı.Bütün Litva çox gözəl başa düşürdü ki, Azərbaycan xalqından başlanılmış proses iz qoymadan keçməyəcək. Vilnüs küçələrində Azərbaycan bayraqları dalğalanırdı. Biz bir idik. İnanıram ki, belə də qalmışıq”.

Faciənin hüquqi qiymətləndirilməsindən danışan hərbi jurnalist təəssüflə qeyd edib ki, həmin dövrdə xarici siyasətçilərin əksəryyəti bunu Sovet İttifaqının daxili işi hesab edirdilər.“Moskva sovet ordusunun qəddarlığına bəraət qazandırmağa çalışaraq, qoşunların guya Bakı və Sumqayıtda ermənilərə köməyə gəldiyi ilə bağlı yalan məlumatlar yayırdı. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlarda cəsarətin olmaması və avropalı siyasətçilərdə siyasi iradənin çatışmazlığı səbəbindən Litvada və Azərbaycanda cinayət törətmiş şəxslər indiyədək cəzalandırılmayıb. Xüsusilə 20 Yanvar hadisələrinin əsas baiskarları – Qorbaçov və Yazov kimilər cəzasız qaldılar”.

Litvalı jurnalist xalqımıza daimi birlik və həmrəylik arzulayıb. “Bu keyfiyyətlər İkinci Qarabağ müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. Qoy ölkəniz inkişaf etsin və Qanlı Yanvar kimi dəhşətli faciə bir daha heç vaxt təkrarlanmasın! 20 Yanvar şəhidləri “azadlıq” sözünü Azərbaycan tarixinə öz qanları ilə yazıblar. Azadlıq Azərbaycan xalqının inamında və qanındadır”.

Xəbər lenti