Logo

BMU-da imtahan sessiyasının gedişi izlənilib

23.01.2023 17:55 78 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır.

Tehsil.biz xəbər verir ki, artıq dördüncü həftədir davam etməkdə olan imtahanların gedişini növbəti dəfə yaxından izləyən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrlə səmimi söhbət aparıb, onların bütövlükdə imtahan prosesi ilə bağlı fikirlərini öyrənib. Tələbələrin bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsi üçün yaradılan şəraiti vurğulayan rektor elektron universitet olan BMU-da imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun, tam şəffaf şəkildə təşkil edildiyini bildirib. Bütövlükdə sessiyanın yüksək fəallıq şəraitində davam etdiyini, bu günə qədər ümumilikdə 1100 imtahanın keçirildiyini deyən Havar Məmmədov tələbələrə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Rektor, həmçinin imtahan sessiyasının gedişinə nəzarət edilməsi, daxil olan şikayətlərin operativ araşdırılması, cavab kağızlarının kodlaşdırılması və yoxlanılmasını icra etmək üçün yaradılan Qərargah və Apelyasiya Komissiyasının fəaliyyəti ilə də tanış olub, işçilərə müvafiq tövsiyələrini verib.

BMU-da fevral ayının 1-də başa çatması nəzərdə tutulan imtahan sessiyası boyunca ümumilikdə 1402 imtahan keçiriləcək. İndiyə qədər baş tutmuş imtahanların nəticələrindən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına müraciət etmələri üçün hər cür imkan yaradılmaqla yanaşı, daxil olan hər bir müraciətə diqqətlə yanaşılıb və obyektiv araşdırılması təmin edilib.

Xəbər lenti