Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Böyük Çin Səddi” kulinariya mərkəzində “Biz Çin Yeni ilini qeyd edirik” adlı bayram konserti keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, Çin və Azərbaycan ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən Çinin “Böyük Çin Səddi” kulinariya mərkəzinin nümayəndəsi Ye Xueqin qonaqları bayram münasibətilə təbrik edib, konsertin Azərbaycan və Çin xalqları arasında möhkəm dostluğun sübutu olduğunu qeyd edib. Tədbir “qızıl əjdaha”nın parlaq və şən rəqsi ilə başlayıb.
Universitetin Konfutsi İnstitutunun müəllim və tələbələri, Azərbaycanda təhsil alan çinli tələbələr rəngarəng konsert proqramı ilə çıxış ediblər. Ölkənin müxtəlif əyalətlərinə məxsus olan Çin xalq romantik mahnıları, Pekin Operasının əsərlərindən parçalar səsləndirilib, Çin klassik rəqsləri ifa olunub. Pekin vaxtı ilə Yeni ilin başlanması ərəfəsində keçirilən atəşfəşanlıq altında 2023-cü ilin simvolu olan dovşan qiyafəsində çıxış təqdim edilib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Yeni il ay təqviminə görə sabitlik və əmin-amanlığı təcəssüm etdirən, ailə bağlarını möhkəmləndirən dovşan ilidir. R.Abbasov qədim tarixə və zəngin mədəni məzmuna malik ənənəvi Çin bayramlarının keçirilməsinin ADU-nun Konfutsi İnstitutunun fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu deyib.