AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri tarix elmləri doktoru, dosent İlhamə Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti” kitabı çapdan çıxıb.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, monoqrafiya Azərbaycanda çay mədəniyyətinin tarixi-etnoqrafik tədqiqinə həsr edilir.
Azərbaycanda çay süfrəsinin etnoqrafik xüsusiyyətləri, həmçinin ənənəvi içkilər və şirniyyat növləri haqqında məlumat verilir, çayın ölkəmizdə və dünyada yayılma səbəbləri, müxtəlif xalqların çay mədəniyyəti izah olunur. Azərbaycan etnoqrafiya elmində ilk dəfə Səfəvilər dövründə qəhvəxana və çayxanaların yaranması, çayxana işçiləri, müştərilər haqqında məlumat verilir. Tarixi mənbələr, ədəbiyyat və çöl-etnoqrafik materialları əsasında qələmə alınan əsər Azərbaycan xalqının mədəni irsinin öyrənilməsində əhəmiyyət daşıyır.