Logo

UNEC-də “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı olub

24.01.2023 17:26 76 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib. Qeyd olunub ki, kitabın elmi redaktoru UNEC-in rektoru professor Ədalət Muradov, məsləhətçisi Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev, müəllifləri professor Zahid Məmmədov və “Rabitəbank”ın İdarə Heyətinin sədri dosent Adil Hüseynovdur.

Tədbirdə çıxış edən rektor Ədalət Muradov müasir texnologiyaların tətbiqinin universitetlər qarşısında ciddi çağırışlar qoyduğuna diqqət çəkib, universitetlərin texnoloji şirkətlər və real sektorlarla sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Ə.Muradov kitabın tanınmış tədqiqatçı və bank sektoru üzrə tanınmış mütəxəssisin birgə məhsulu olmasını nəşrin əsas üstünlüyü kimi qiymətləndirib, müəlliflərə təşəkkürünü bildirib. O, müasir tələblərə cavab verən nəzəri və praktiki biliklərin tələbələrə balanslı şəkildə ötürülməsində “Maliyyə iqtisadiyyatı” kitabının mühüm rol oynayacağından əminliyini ifadə edib.

Zakir Nuriyev müasir çağırışlara cavab verən kitabın sadə və anlaşılan dildə yazılmasının tələbələr üçün önəmini vurğulayıb. O, tələbələrin maliyyə sahəsi üzrə bilik və bacarıqlarının artırılmasında kitabın özünəməxsus töhfələr qazandıracağını bildirib.

Adil Hüseynov universitet-sənaye əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabdakı mövzuların əksəriyyətinin Azərbaycanda iqtisadi ədəbiyyat üzrə ilk dəfə işlənib tədqiq olunduğunu qeyd edib. Mövzuların hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunduğunu, anlayışların izahlı şərhinin isə müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verildiyini deyib.

Milli Məclisin Komitə sədri Sadiq Qurbanlı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, orijinallığı ilə fərqlənən kitabın maliyyə və bankçılıq sahəsi üzrə qiymətli əsər olduğunu diqqətə çatdırıb. Tədbir Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, BDU-nun kafedra müdiri professor Kamil Səlimov və digər iştirakçıların çıxışları ilə davam edib.

Xəbər lenti